Paytaxt Bakıda, Abşeron və ətraf ərazilərdə yüz minlərlə çıxarış ala bilməyən fərdi həyət evləri və torpaq sahələri var. Müxtəlif rəqəmlər səslənir, ancaq orta rəqəm olaraq ölkə üzrə təqribi 500 min civarında bu tip çıxarışı olmayan və ya çıxarış ala biləyən əmlaklar var. Bu əmlakların bir hissəsi Sovet dövründən qalma olsa da, qalan digər hissəsi 90-cı illərdən bu günə qədər formalaşan evlərdir. Bu evlər özbaşına tikilməyib. Aidiyyəti qurumlar bu tikintilərə görə müvafiq sərəncam və sənədlər veriblər.
Bu sözləri Tribunainfo.az-a əmlak eksperti Elnur Fərzəliyev deyib. O bildirib ki, bu illər ərzində təyinatı üzrə olmayan torpaq ərazilərində aparılan tikintilərdən sonra həmin evlərə qaz, işıq, su xətələri çəkilib, telefon , internet çəkilib, hətta yaxınlıqda məktəb, tibb məntəqəsi tikilib, yeni yol çəkilib, iaşə obyektləri istifadəyə verilib, ancaq aidiyyəti qurumlar, orqanlar həmin ərazilərdəki evlərə sənəd vermir:
“Əgər bir yerdə yaşayış massivi salınıb, yaşayış kütləviləşib, birmənalı olaraq həmin torpağın təyinatı da dəyişməlidir.
Belə ərazilərdə mülkiyyət hüququ tanınmır. Bütün problemlərin başında da elə bu gəlir. Nə evlər sənədləşdirilir, nə həmin evlərə qeydiyyata düşmək mümkün olur. Ərazilərin çıxarışı olsa, həmin ərazilərin hər biri əmlak və torpaq vergisinə cəlb edilər, həmin əmlaklar sığortalanar, ipoteka kreditləri vasitəsilə satıla bilər, on minlərlə məhkəmə çəkişmələri baş verməz. Bu gün insanlar məhkəmələrdə sənədsiz evlərə görə əziyyət çəkirsə, bunu məsuliyyəti torpağı satan, tikintiyə icazə verən orqanların üzərindədir”.