Oktyabrın 24-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tanınmış rejissor Ələkbər Tağızadənin librettosu və quruluşunda hazırlanmış “Sən kralsan” tamaşasının premyerası keçirilib.
Tribunainfo.az xəbər verir ki, XX əsrin əfsanəvi müğənni və aktyoru – “rok-n-rollun kralı” Elvis Preslinin ölməz mahnıları əsasında səhnələşdirilən müzikl tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Səhnə əsərinin musiqi rəhbəri və quruluşçu dirijoru Cavad Tağızadə, quruluşçu rəssamı Vüsal Rəhim, baletmeysteri Kamilə Əliyeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, işıq rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri isə Tamilla Aslanova və Polina Fyodorovadır.
Tamaşanın ilk nümayişində Əməkdar artist İlham Nəzərov (Elvin), aktyorlar Rauf Babayev (Elvis Presli), Leonid Klets (Mayor Braun), Olqa Georgieva (Roza), Aydan Həsənova (Merilin), Sübhan Rüstəmov (Stiv), Mübariz Nağıyev (səs), həmçinin xor və balet artistləri iştirak ediblər.
Qeyd edək ki, “Sən kralsan” 25 və 26 oktyabr tarixlərində də nümayiş olunacaq. Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə etmək mümkündür.

















