əmkir rayonunda 1990-cı il təvəllüdlü Mustafa Eyyubov tanışı, 1979-cu il təvəllüdlü Ruslan Bayramovu güllələyərək öldürüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 19 oktyabr 2022-ci ildə, saat 23-24 radələrində Şəmkir rayonunun Aşağı Seyfəli kəndində baş verib.
Mustafa həmin kənddə yerləşən evdə müvəqqəti olaraq yaşayan tanışı, Şəmkir rayonunun Çinarlı qəsəbə sakini Ruslan ilə həmin fərdi yaşayış evində yemək yeyib, spirtli içki olan araq qəbul edərək hər ikisi sərxoş vəziyyətinə düşüblər.
Daha sonra Mustafa Ruslan Bayramova səriştəsiz ovçu olmasını deməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan onu öldürmək qərarına gəlib. Bundan sonra Ruslan Bayramovun otaqdakı dəmir çarpayıda sərxoş halda uzanmaqla yuxulamasından istifadə edən Mustafa ona bir dəfə atəş açaraq, onu öldürüb.
Hadisəni törədən Mustafanın barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mustafa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, 1990-cı ildə Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olub, həmin qəsəbədə qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayır:
“2015-ci ildə Bakı şəhər sakini ilə rəsmi nikaha daxil olmaqla evlənmişəm və birgə nikahımızdan 3 övladımız var. Rəsmi olaraq heç bir yerdə işləməmişəm. Lakin Bakı şəhərində və Şəmkir rayonunda fəhlə kimi işləmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin mayında Bakı şəhərində işləyərək ailəsini dolandıra bilmədiyi üçün doğulduğu Çinarlı qəsəbəsinə qayıdıb:
“Qəsəbə ərazisində yerləşən nənəmə məxsus evdə bir müddət yaşadım, fəhlə kimi işlədim. Qazandığım pulun bir hissəsini Bakı şəhərində yaşayan valideynlərimə və arvadıma göndərdim. Ruslanı həmkəndlim kimi tanımışam, onunla əvvəllər aramızda heç bir mübahisə, dava-dalaş, ədavət və düşmənçilik münasibəti olmayıb. Əksinə səmimi münasibətlərimiz yaranıb. 2020 və 2021-ci illərdə Ruslanın yaşamağa evi olmadığından nənəmin evində ailəsi ilə birlikdə yaşayıb. Ruslanın əmisi Bayramla babası Muxtara məxsus evə görə aralarında narazılıq olub. Bu səbəbdən də Ruslan 2007-ci ildə ailəsi ilə birlikdə həmin evdən çıxaraq ayrı evlərdə yaşayıblar. Ruslan spirtli içki aludəçisi olduğundan və maddi imkanı zəif olduğu üçün ev ala bilmədiyindən arvadı ilə birlikdə onun ata yurduna gedib, həmin vaxtdan hal-hazıradək orada yaşayıblar”.
Mustafanın ifadəsinə görə, 2022-ci ilin yanvarında Ruslan Aşağı Seyfəli kənd sakini Xəqani adlı şəxsin evində pulsuz olaraq yaşamağa başlayıb:
“Mən 2022-ci ilin mayında Çinarlı qəsəbəsinə qayıtdıqda oktyabr ayının əvvəllərinədək Ruslanın yaşadığı evə getmədim. Birinci dəfə Ruslanın yaşadığı evə həmin ilin oktyabr ayının əvvəllərində, dəqiq tarixini xatırlamadığım gündə, gecə saatlarında getmişəm. Həmin vaxt Ruslanla telefonla danışdıqda mənə dükandan araq və qida məhsulları alaraq, birlikdə yeyib-içməyi təklif etdi. Ruslanın təklifini qəbul etdim və yaşadığı evə getdim. Evə gəlib çatdıqda Ruslan məni süfrəyə dəvət etdi və televizora baxaraq araq içdik. 2018–2021-ci illər ərzində Ruslan Bayramovla bir neçə dəfə havalar soyuyan ərəfədə, xüsusən payız aylarında dağlıq əraziyə yollanıb ov etmişik. Lakin, 2022-ci il ərzində Ruslan Bayramovla heç vaxt ova getməmişik. Ruslan Bayramov ov həvəskarı olub. Hətta onun qanuni sənədləri olan ov tüfəngi olub və həmin tüfəngi yaşadığı evin divarından asıb”.
Təqsirləndirilən şəxs deyib ki, 2022-ci ilin oktyabr ayının əvvəllərində, Ruslanın yaşadığı evə ilk dəfə gedəndə Ruslan ona ova getməyi təklif edib:
“Mən isə razılaşaraq silahı hazırlamasını söylədim, 1-2 həftəyə gedə biləcəyimi ona bildirdim. Ruslan isə buna etiraz etmədi. 19 oktyabr 2022-ci ildə, saat 22 radələrində Ruslan Bayramov zəng edərək yeyib-içmək üçün müvəqqəti yaşadığı evə dəvət etdi. Mən də həmin evə tərəf getdim. Aşağı Seyfəli kəndinə çatdıqda Ruslanın “EN Market” adlı mağazadan ərzaq məhsulları və araq alaraq çıxdığını gördüm. Ruslanla rastlaşdım və birlikdə yaşadığı evə getdik. Evə çatdıqları zaman Ruslan yemək bişirməyə başladı. Mən isə Ruslanın evdə olan yarımçıq qalmış arağını təkbaşına içdim. Ruslan yeməyi bişirib qurtardı və süfrə arxasında xörək yemək üçün oturduq. Ruslan mağazadan aldığı 1 litrlik arağı da süfrəyə gətirdi və yemək yeyə-yeyə həmin arağı içməyə başladıq. Birlikdə arağın təxminən yarısını içdikdən sonra Ruslan daha araq içə bilməyəcəyini dedi, çarpayısına uzandı. Çünki Ruslan başqa yerdə də spirlti içki qəbul etdiyindən sərxoş olmuşdu.
Ruslan çox sərxoş olduğu üçün ayaq üstə dayana bilmədiyindən çarpayıya uzandıqdan sonra özüm 2-3 badə də araq içdikdən sonra Ruslanın divardan asılı olan tüfəngini götürdüm və ov üçün hazırlaşmağa başladım. Ruslanla yemək yeyərkən ertəsi gün Yeni Həyat kəndinin dağlıq ərazisinə ova getməyi planlaşdırmışdıq. Mən patronları patron qabına doldurdum, araqdan da içdim. Ruslan isə həmin vaxt arxası üstə çarpayıda uzanaraq mənimlə söhbət etdi. Söhbət əsnasında Ruslana “dəfələrlə əvvəllər ova getsək də, bir şey vura bilməmisən, yalandan niyə gedirik ki” – deyib zarafatla ona nalayiq ifadə işlətdim. Ruslan bu sözlərimdən qıcıqlanaraq ünvanıma nalayiq ifadə işlədərək cavab verdi. Həmin vaxt Ruslana söyüş söyməməsini, işlətdiyi sözlərə fikir verməsini bildirdim. Ruslan təkrarən mənə söyüş söydü. Mən də cavab olaraq Ruslana söydüm. Bu zaman Ruslan başını güclə yastıqdan qaldıraraq mənə yenidən söyüş söymək istəyərkən əlimdə olan tüfənglə bir dəfə Ruslanın sol gözətrafı nahiyəsinə atəş açdım. Nəticədə Ruslan öldü. Mən Ruslana təxminən 0,5-1 metr məsafədən atəş açdığım üçün otağın içərisinə xeyli miqdarda qan sıçradı”.
Təsirləndirilən şəxs qeyd edib ki, daha sonra yorğanla Ruslanın üstünü örtərək siqaret çəkib:
“Siqareti çəkərək qurtardıqdan sonra tüfəngi, Ruslana məxsus 1 ədəd “Samsung” markalı telefonu, araq içdiyim badəni, su içdiyim stəkanı, yemək yediyim boşqabı, çəngəli və araq butulkasını götürdüm. Eləcə də patronları doldurduğum patron qabını hərbi təyinatlı yaşıl rəngli çantaya qoyaraq çiynimdən asdım, sonra evdən getdim. Lakin çox miqdar spirtli içki qəbul etdiyimdən sərxoş olduğum üçün boş gilizi haraya atdığımı xatırlamamışam. Evin həyətindən çıxaraq Çinarlı qəsəbəsi istiqamətinə yola düşdüm. Təxminən 50-60 metr getdikdən sonra ağ paketə yığdığım araq içdiyi badəni, su içdiyi stəkanı, yemək yediyi boşqabı, çəngəli və araq butulkasını yolun kənarına atdım. Bir neçə metr də irəlilədikdən sonra telefonu da yolun kənarına atdım”.
Mustafa deyib ki, daha sonra Çinarlı qəsəbəsində yerləşən nənəsinin yaşadığı evə gedib:
“İçinə patronlarla dolu olan patron qabını qoyduğu hərbi təyinatlı, yaşıl rəngli çantanı fərdi yaşayış evinin bağ sahəsində yerləşən ayaqyolunun quyusuna, tüfəngi isə sökülmüş halda quyuya atdım. Mən iki gün Çinarlı qəsəbəsində qaldıqdan sonra oktyabrın 22-də, saat 5 radələrində Bakı şəhərinə getdim. Ora getməkdə məqsədim ailəm ilə görüşmək olub. Çünki törətdiyim cinayət əməlinə görə polis əməkdaşları tərəfindən tutulacağımı bilmişəm”.
Mustafanın ifadəsinə görə, oktyabrın 23-də Bakı şəhərində evdə olan zaman saat 15:20-də polis əməkdaşları yaşadığı evə gəlib və onu Şəmkir Rayon Polis Şöbəsinə aparıblar:
“Hadisə vaxtı əynimdə olan paltarları könüllü olaraq istintaqa təqdim etdim. Hadisənin 19 oktyabr 2022-ci il tarixdə, saat 24 radələrində baş verdiyini, Ruslanı qətlə yetirən zaman hadisə yerində heç kəsin olmadığını bildirdim”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Mustafa 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.