Səməd Vurğunun şəxsiyyətinə hücum təsadüf deyil…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səməd Vurğun haqqında danışanda, ilk növbədə, düşünüb danışmaq, onu yaxşı tanımaq, poeziyasını qiymətləndirib, ruhunu hiss edib danışmaq lazımdır.  

Səməd Vurğun haqqında danışanda, ilk növbədə, düşünüb danışmaq, onu yaxşı tanımaq, poeziyasını qiymətləndirib, ruhunu hiss edib danışmaq lazımdır. 

O cümlədən Azərbaycan ədəbiyyatında onun rolunu qiymətləndirməyi bacarıb danışmaq lazımdır. Və ən nəhayət, əgər onun şair kimliyindən deyil, ictimai xadim kimi kimliyindən danışırıqsa, onda da yaşadığı dövrün ictimai, siyasi, hüquqi şərtləri çərçivəsində qiymətləndirərək danışmaq lazımdır. Belə olsa daha ədalətli olar.

Əvvəla, onu deyim ki, Səməd Vurğun haqqında bu cür söz-söhbətlərin hazırda Azərbaycanın siyasi gündəliyini zəbt etməsi təsadüfi deyil. Çünki təqribən son bir ayda ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələri ardıcıllıqla izləsək, görərik ki, bəzi şəxslər Rusiya-Azərbaycan münasibətləri ilə bağlı fərqli-fərqli fikirlər səsləndirdilər. Buna cənab Prezidentin Soçi səfərindən sonra son qoyuldu. Bəzi şəxslər yenə sosial şəbəkələrdə bakılı və rayonlu söhbətini aktuallaşdırmağa çalışdılar. Ən nəhayət, bu “tendensiya”nın davamı olaraq bu gün Səməd Vurğunun şəxsiyyətinə hücum edilir. Görəsən, bu təsadüfdürmü? Görəsən, niyə birdən-birə bəzi adamların yadına Səməd Vurğun düşür? Və birdən-birə Səməd Vurğundan danışmaq, onun fəaliyyətini qiymətləndirmək ehtiyacı hiss edirlər. Mən düşünürəm ki, bu təsadüfi deyil. Bu, yenidən Azərbaycan cəmiyyətini parçalamağa yönəlmiş məkrli planın tərkib hissəsindən, onun komponentlərindən biridir. Çünki son dövrlərdə dünyada və regionda çox mürəkkəb hadisələr baş verir. Beynəlxalq münasibətlərdə sınaqdan çıxmış ənənəvi strateji münasibətlərdə qırılmalar, dağılmalar, birləşmələr baş verir. Bütün bunlar heç şübhəsiz ki, beynəlxalq münasibətlərin iştirakçısı olan milli dövlətlərin, milli aktorların da davranışlarında korrektələr tələb edir.

Çünki siyasi proseslər çox sürətlə inkişaf edir və dövrün qlobal çağırışlarına cavab verərək bununla ayaqlaşmaq lazımdır. Hazırda milli dövlətlərin çoxusu, o cümlədən Azərbaycan əslində bu mücadilə içərisindədir. Belə bir vaxtda, görünür, Azərbaycandakı sabit daxili, ictimai, siyasi vəziyyət, ictimai fikrin fəaliyyətinin cazibə mərkəzi kimi Dağlıq Qarabağ problemi, onun həlli məsələsinin müəyyənləşməsi, Azərbaycanın maraqlarına xidmət edən milli birliyin qorunması Azərbaycanı sevməyən bəzi mərkəzlərin xoşuna gəlmir. Ona görə də bu və ya digər şəkildə Azərbaycanı bölüb parçalamağa, Azərbaycanın ictimai rəyində həmrəyliyi, daxili sabitliyi pozmağa, qruplar və fərdlər arasında, fərqli dünyagörüşlü insanlar arasında toqquşma, qarşıdurma yaratmağa cəhd göstərirlər. Bu, çox qədimdən bəri istifadə olunan dərin strateji siyasətdir. Bu siyasət bəzi imperialist mərkəzlərin ənənəvi siyasətidir. Bu siyasət 1828-ci ildən bəri Azərbaycana qarşı həyata keçirilir. Ona görə də bu cür süni və uydurulmuş məsələlərlə Azərbaycanın siyasi gündəmini zəbt etmək istəyən insanların kimliyini bir sorğulamaq lazımdır. Bəzən bilərəkdən yaxud bilməyərəkdən xeyrimizə olmayan siyasətə xidmət edənlər tapılır.

Səməd Vurğunun şairliyinə gəldikdə isə, Səməd Vurğun bütün dövrlərdə Azərbaycan xalqının yetişdirdiyi ən böyük şairlərdən biridir. Səməd Vurğunun poeziyası Azərbaycanın poeziya zirvələrindən biridir.

Səməd Vurğun Azərbaycan poetik zövqünün formalaşmasında, azərbaycanlı kimliyinin formalaşmasında, azərbaycanlı estetik və mənəvi zövqünün formalaşmasında çox böyük xidmətləri olan böyük şairdir. Məhz bu böyüklüyü də onun hədəf kimi seçilməyini şərtləndirir. Səməd Vurğun həm də çox böyük mənəviyyat adamıdır. Səməd Vurğunun nəsil şəcərəsində 500 illik bəy şəcərəsi yatır. 500 il bundan öncə bəyliyin kimlərə deyildiyini öyrənəndə görərik ki, hər adama bəy titulu verilmirdi. Bəy qədim türk ictimai münasibətlərinin, siyasi-mədəni münasibətlərinin çox böyük titulu idi. Böyük Britaniyada lord olmaq nədirsə, orta əsrlərdə və ondan əvvəlki dövrlərdə türk cəmiyyətində, Azərbaycan cəmiyyətində bəy olmaq o idi. Bəylər Azərbaycanın aristokratiyası idi. Titulun 500 il qorunması və Səməd Vurğunun atası Yusif bəyə qədər gəlib çatması, yəni sovet dövrünə qədər uzanması təsadüfi deyildi. Milli aristokratiya həmişə milli mənəviyyatın və milli maraqların qoruyucusu olubdur. Milli mədəniyyətin, milli dəyərlərin qoruyucusu olubdur. Səməd Vurğun da belə bir kökdən gəlibdir.

Onun əsli də, nəsli də nəcabətli idi. Çünki ana tərəfindən də bəyzadə nəslinə mənsub idi. Damarlarında bəy qanı axırdı. Ona görə də bu cür insandan mənəviyyatsızlıq və satqınlıq gözləmək olmazdı. Və bu heç vaxt belə olmayıb. Səməd Vurğun o dövrlərdə, yəni 30-40-cı illərdə qatı milliyyətçi kimi ittiham olunurdusa, bu gün Səməd Vurğunu biz satqınlıqda ittiham edirik. Görün, nə qədər təzadlıdır. Səməd Vurğunun fəaliyyətinə qiymət verərkən o dövrün şərtləri içərisində qiymət vermək lazımdır. Səməd Vurğunun “Azərbaycan” şeiri Azərbaycan mənəviyyatının, Azərbaycan etno-siyasi coğrafiyasının bir tablosudur. Böyük dövlət xadimi, Ulu öndər Heydər Əliyevdən soruşanda ki, ən çox sevdiyiniz şeir hansıdır? O elə Səməd Vurğunun “Azərbaycan” şeirini demişdi. Mən düşünürəm ki, bu mənəvi bağ təsadüfi deyil.

Və o qiymət də Səməd Vurğuna Ulu öndər Heydər Əliyev tərəfindən təsadüfən verilməmişdi. Çünki mənəviyyatsız adam Azərbaycan şeirini yaza bilməzdi. İnsanın ürəyini riqqətə gətirən, bizə Azərbaycanın hər guşəsini yenidən sevdirən bu şeiri yazan necə satqın ola bilər? Bilirsinizmi, mənəviyyatsız insan şeir yaza bilməz. Şeir quraşdırar, qafiyə tapar, amma o şeirin ruhu olmaz. Çünki mənəviyyat elə bir şeydir ki, əgər o sizin daxilinizdə yoxdursa və yaxud çirklənibdirsə, siz saf ola bilməzsiniz. Sizin poeziyanız, yaradıcılığınız başqalarına təsir göstərə bilməz. Mahnılar da elədir. Şeirlər də elədir. Hansı mahnı çox uzun yaşayırsa, bilin ki, orada çox böyük mənəviyyat, səmimiyyət və pozitiv enerji var. Bu gün Azərbaycan xalqının yarısı Səməd Vurğunun şeirlərini, poeziyasını əzbər bilir. Çünki xalqın içindən yaranan şeirdir, xalqı ifadə edən şeirdir. Səməd Vurğun az qala öz şeirlərində özündən daha çox Azərbaycan xalqını poetik dildə ifadə edirdi. Ona görə də, Səməd Vurğun həm də Azərbaycanın ilk Xalq şairidir. Kim bilir, bəlkə də bu ad ona görə düşünülüb ki, məhz Səməd Vurğuna verilsin.

Səməd Vurğun akademik idi. Böyük filosof idi. Səməd Vurğun Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasında təşəbbüskar olan böyük şəxsiyyətlərimizdən Mustafa bəy Topçubaşov, Üzeyir Hacıbəyov, Yusif Məmmədəliyev, Mirzə İbrahimov kimi adamlardan biri idi. Məhz onların təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyası yaradılıbdır. Bilirsinizmi, bu qədər şeyin üzərindən xətt çəkmək olmaz. Mən Səməd Vurğunun poeziyasını təhlil etmək istəmirəm. Çünki buna ehtiyac yoxdur. Bunu Azərbaycan xalqı daha yaxşı bilir. Əgər bu gün imperializm məhz Səməd Vurğun kimi dəyərlərimiz üzərindən bizə hücum təşkil edirsə, Azərbaycan cəmiyyətini parçalamağa cəhd göstərirsə, bu çox mənəviyyatsız bir hücumdur. Və bilərəkdən yaxud bilməyərəkdən ona xidmət edən adamlar da, məncə, öz fikirlərini bir daha götür-qoy etməlidirlər. Bu gün Azərbaycana milli birlik, milli bərabərlik lazımdır. Bu gün xalqlar tarix qarşısında yeni imtahan verir. Bu gün xalqların iradəsi tarix qarşısında yenidən sınağa çəkilir. Bu imtahanın adı dövlətçilik sınağıdır. Var olmaq imtahanıdır. Çünki qlobal imperializm bu gün milli dövlətləri dağıdır.

Mən düşünürəm ki, hadisələrə bir daha bu kontekstdən baxsaq, hər birimiz bir qədər daha məsuliyyətli ola bilərik. Olmalıyıq. Çünki indiki mürəkkəb tarixi mərhələdə məsuliyyətli olmaq, hadisələri ayıq, açıq başla izləmək, onları düzgün qiymətləndirmək hər bir Azərbaycan ziyalısının məhz mənəviyyat və vicdan borcudur. Əgər bu gün kimsə mediaya, Azərbaycan milli mətbuatına çıxa bilirsə, demək onun şəxsiyyəti hər nə qədər özünə aiddirsə, bir o qədər də cəmiyyətə aiddir. Çünki onun şəxsiyyəti ictimailəşibdir. Və o öz vicdanı qarşısında məsuliyyət daşımırsa belə və yaxud fərd olaraq nəyisə doğru, nəyisə yanlış hesab etmiş olsa belə, ictimai mövqeyində mütləq ictimai maraqlara xidmət edən açıqlamalar verməlidir. Bu açıqlamaları verənlər başa düşmürlərmi ki, bu özlüyündə cəmiyyətdə bir parçalanma yaradır. Mən düşünürəm ki, çox diqqətli olmaq lazımdır.

Məsələn, deyirlər ki, Qarabağı M.P.Vaqif satıb. Bu necə ola bilər. Bəs onda, görəsən, digər xanlıqlarımızı kim satıb? Onların ki, Vaqif adlı vəziri olmayıb. Bax görürsünüzmü, səsləndirilən ittiham ən kiçik tənqidə belə dözmür. Sabun köpüyü kimi dağılır. Hər bir tarixi prosesi elə öz tarixi şərtləri içərisində qiymətləndirmək lazımdır. Onda daha obyektiv qənaətə gələ bilərik. Bu gün dəyərlərimizə, milli-mənəvi mirasımıza sahib çıxmaq vaxtıdır. İctimai məsuliyyəti və öhdəçiliyi olan hər bir şəxs, məncə, buna əməl etməyə borcludur.

Hikmət Babaoğlu,

Milli Məclisin üzvü