Azərbaycan Prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamı o deməkdir ki, biz işğal altında olan bütün torpaqlarımızı qaytaracağıq.
Azərbaycan Prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamı o deməkdir ki, biz işğal altında olan bütün torpaqlarımızı qaytaracağıq.
TİA.AZ bildirir ki, bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, bu sərəncamla Azərbaycan torpaqlarının qaytarılması prosesinin başlanğıcı qoyuldu:
“Bu, artıq Ermənistana ciddi bir mesajdır. Ermənistan özü də anlayır ki, Azərbaycan torpaqlarını işğal altında saxlamağa davam edə bilməyəcək. Aprel döyüşlərində də Ermənistan Azərbaycan Ordusunun gücünü gördü və yaxşı anlayır ki, bu döyüşlər təkrar olunsa, Ermənistan tam məğlubiyyətə düçar olacaq. Ona görə də Ermənistan nə qədər tez öz xoşu ilə Azərbaycan torpaqlarından çıxsa, onlar üçün bir o qədər yaxşı olar”.
Qeyd edək ki, yanvarın 24-də Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.