Teylor Svift, Ed Şiran və Peris Hilton aktrisa Selena Qomezin toyunda iştirak edib
Tribunainfo.az xarici mətbuata istinadən xəbər verir ki, Selena Qomez prodüser Benni Blanko ilə ailə həyatı qurub.
Kaliforniyada Selena Qomezin pərəstişkarlarının yeni albomu qədər səbirsizliklə gözlədiyi toy baş tutub. 33 yaşlı müğənni və aktrisa 37 yaşlı musiqi prodüseri Benni Blanko ilə evlənib.
Tədbirdən ilk fotoları isə Selena özü sosial şəbəkədə paylaşıb və qısa şəkildə “9.27.25” yazıb (ABŞ-da əvvəl ay göstərilir).
Mərasim Santa-Barbaradakı Sea Crest Nursery malikanəsində keçirilib. Selena altar yoluna Ralph Lauren markasına məxsus xüsusi hazırlanmış, açıq arxalı və halter yaxalı atlas libasda çıxıb. Əlində isə zərif zanbaq buketi olub. Benni isə eyni brendin klassik smokinqini seçib və obrazını qalstuk-kəpənəklə tamamlamağı üstün tutub.
“Real həyatda həyat yoldaşım” — Blanko sosial şəbəkədə yazaraq minlərlə təbrik yorumu toplayıb.
Qonaqların siyahısı isə sanki musiqi festivalının afişasını xatırladırdı: Teylor Svift, Ed Şiran, Peris Hilton, Pol Radd, Erik Andre, Martin Şort və Stiv Martin gənc ailəni dəstəkləmək üçün toplaşmışdı. Lakin əvvəllər yaxın dost olan Nikola Peltz tədbirdə görünməyib.
Cütün sevgi hekayəsi 2023-cü ildə başlayıb. Ondan öncə isə onlar uzun illər dost olub: Benni Selenanın hitlərinin hazırlanmasında iştirak edib və çətin vaxtlarında həmişə yanında olub. 2024-cü ilin dekabrında Blanko piknik zamanı üzük təqdim edərək evlilik təklifi edib.
İmran Kərimli