backend

Səksən illik ömrə işıq salan 50 sənət incisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həyatda təsadüf olmur”, – deyənlər haqlıdırlar.  

“Həyatda təsadüf olmur”, – deyənlər haqlıdırlar. 

Onun da məktəb yaşlarından dəqiq elmləri mənimsəməsi, ixtisasını dəyişərək ömrünü bütövlükdə televiziyaya həsr etməsi təsadüf deyil. İndi 80 yaşını haqlamış rejissor Əhməd Abdullayevin təhsil aldığı Azərbaycan Neft və Kimya İnstitutundan vaxtında Dövlət İncəsənət İnstitutuna keçməsi bəlkə də, taleyin, necə deyərlər, “hər şeyi öz yoluna qoyması idi”. Sonralar Əhməd Abdullayevin rejissor kimi fəaliyyəti, novator yaradıcılığı ilə sənədli filmlər çəkilişində olan boşluğu aradan qaldıraraq televiziya tariximizə qiymətli səhifələr yazması bu həqiqəti təsdiqlədi. Həmsöhbətimizin söylədikləri də gəldiyimiz qənaəti bir daha əsaslandırır: “Ömrümün çoxu Azərbaycan Televiziyasında keçib. Sənədlərimi Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna verdim və qəbul olundum. Üçüncü kursda oxuyanda görkəmli kinorejissor Həsən Seyidbəyli ilə yaxın münasibətim dostluğa çevrildi”.

Kino çəkmək, rəngli işıqların və kameraların qurulduğu nəhəng çəkiliş meydançasının hakimi olmaq, aktyorlarla işləmək hissi tədricən onun bütün varlığına hakim kəsilib.

“Məhz Həsən Seyidbəylinin təklifi ilə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinə bir hekayə göndərdim. Məni oraya təhsil almaq üçün dəvət etdilər. Lakin yaşlı ata-anamın sözündən çıxmadım, onları tək qoyub Bakıdan getmədim. Həsən Seyidbəyli isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində oxumağımı məsləhət gördü. Elə də etdim. Bu institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra 6 ay C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işlədim”.

Azərbaycan telefilm”də işləyərkən tale onun üzünə gülüb, birliyin baş redaktoru, publisist və tərcüməçi, xeyirxah insan İshaq İbrahimovla tanış olub. Bu tanışlıq və ünsiyyət Əhməd Abdullayevdə sənədli kinoya maraq oyadıb, onun ekran sənətinə baxışlarını formalaşdırıb. İshaq İbrahimovun yaradıcılıq dəstəyi sayəsində Əhməd Abdullayev bir-birindən maraqlı sənədli filmlər çəkməyə başlayıb. Tezliklə ekranlarda onun rejissoru olduğu “Qızıl qələm”, “Sevilin bacıları”, “Neft daşları”, “Mingəçevir”, “Naxçıvan”, “Gülşən”, “Şahdağın ətəklərində”, “Həyat naxışları”, “Pəhləvanlar”, “And” kimi maraqlı sənədli filmləri göstərilir. Əhməd Abdullayevin çəkdiyi filmlər Azərbaycanın görkəmli yazıçı, şair, alim, rəssam, memar və digər sahələrdə çalışan insanları ilə yanaşı, ölkəmizdə reallaşan ən mühüm layihələri əhatə edir. AzTV-də çalışdığı illərdə o, 50-dən çox sənədli film çəkməyə müyəssər olub.

O vaxtkı qaydaya görə, müttəfiq respublikalarda çəkilən filmlərin hamısı dövlət sifarişi sayılırdı, Moskvada xüsusi komissiya bu filmləri qəbul edir və ə daha çox bəyənilən əsərlər ümumittifaq ekranında – Mərkəzi TV-də nümayiş etdirilirdi. Əhməd Abdullayevin çəkdiyi bütün filmlər həmişə yüksək qiymətə layiq görülüb və böyük ekranlarda nümayiş olunub.

Əhməd Abdullayev rejissorluq fəaliyyətində hər zaman qeyri-adi istedadını, dünyaya və hadisələrə fərqli baxış nümayiş etdirib. Vaxtilə AzTV-nin rejissor işi baxımından çətinlik çəkən “Beynəlxalq həyat” redaksiyası məhz Əhməd Abdullayevin sayəsində canlanıb. Redaksiyanın 4-5 nəfərlik qrupu vaxtilə “Planetimizin mənzərəsi” adlı gündəlik və “Qitələr, hadisələr” adlı həftəlik beynəlxalq proqram hazırlayırdı. Ə.Abdullayevin gəlişindən sonra redaksiya “Azərbaycan dünya meridianlarında” proqramını, sonra isə onun təşəbbüsü ilə “Müharibə, yoxsa sülh” adlı silsilə publisistik veriliş hazırladı. Professor, siyasi icmalçı Murtuz Ələsgərov bu veriliş haqqında bir neçə məqalə də yazmışdı. M.Ələsgərov tez-tez deyərdi ki, Əhməd Abdullayevin bu verilişinə dövlət mükafatı vermək lazımdır. Həqiqətən də, tam sənədli kadrlar əsasında hazırlanan bu veriliş məhz Əhməd Abdullayevin yaradıcı səyləri sayəsində başa gəlirdi.

Müstəqillik dövründə Əhməd Abdullayev televiziyanın ictimai-siyasi proqramlar redaksiyasında aparıcı rejissor vəzifəsində çalışıb. Sovet İttifaqının dağılması dövrünü, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini lentə alıb, bir çox maraqlı verilişlərin rejissoru olub.

1992-2000-ci illərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunan əksər verilişlərin rejissoru olmuş Əhməd Abdullayevin son işi “Əsrin müqaviləsi” filmidir. Tək-tək rejissor tapılar ki, bütün karyerası ərzində Ulu Öndərlə bağlı Əhməd Abdullayev qədər veriliş hazırlasın. O, haqlı olaraq bu işi ilə qürur duyur. Özünün dediyi kimi, çəkdiyi bütün filmlərə, o cümlədən müstəqillik illərində lentə aldığı “Qayıdış”, “Qurtuluş”, “Qəsd”, “Şuşa”, “Laçın”, “Ağdam”, “Qanlı Yanvar”, “Qarabağ hadisələri” və digər ekran əsərlərinə, habelə “Açıq-Aşkar” və s. televiziya verilişlərinin hazırlanmasına ömrünü sərf edib. Qarabağ müharibəsinin qanlı-qadalı illərində baş verənləri dünyaya çatdırmaq üçün Əhməd Abdullayev və onun yaradıcı komandası dəfələrlə döyüş bölgələrinə yollanıb və ən qaynar nöqtələrdə çəkilişlər aparıb, reportajlar hazırlayıb. Onun gördüyü işlər Azərbaycan ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Xocalı mövzusu onun yaradıcılığından qırmızı xətt kimi keçir. O, həmişə bu arzu ilə yaşayır ki, Xocalı soyqırımı haqqında bir sənədli və ya bədii film çəksin və bu film vasitəsilə dünya ictimaiyyəti Xocalı qətliamı haqqında daha məlumatlı olsun. Ustad rejissor mövzuya fərqli yanaşmanı, ekran dilinin incəliklərindən faydalanmağı və bir də dünyanın qəbul etdiyi təqdimat tərzini vacib sayır.

Bu günlər 80 illik yubileyini qeyd edən Əhməd müəllim 16 ildir ki, İsraildə yaşayır, lakin onun ürəyi Azərbaycanla döyünür.

Gördüyü işlər bir daha sübut edir ki, Əhməd Abdullayev çəkdiyi ekran əsərləri ilə öz adını tarixləşdirə bilib. Bir sözlə, vaxtı hədər, boş yerə itirməyib. Onun yuxusuz gecələrinin bəhrəsi olan, min bir əziyyət və yorulmaq bilmədən böyük şövq və həvəslə lentə aldığı verilişlərindən, filmlərindən, ssenarilərindən, yazdığı kitablardan gələcək nəsillər hələ çox şeylər öyrənəcək. Deməli, əsl fədailər heç vaxt qocalmır və onların ömrü zamanla ölçülmür. Bu mənada səksən yaşlı rejissorumuz Əhməd Abdullayev özünü əbədiyaşar və xoşbəxt hesab edə bilər.