Mütəxəssislər bazarda “şəkərsiz” etiketi ilə satılan qazlı içkilərin sağlamlıq üçün yaratdığı risklərlə bağlı açıqlamalar verib.
Tribunainfo.az xəbər verir ki, Britaniya mediası qazlı içkilərlə bağlı diqqətçəkən xəbər dərc edib.
Ölkənin ən çox oxunan qəzetlərindən olan “The Sun” alimləri və elmi araşdırmaları bir araya toplayıb və bazarda “şəkərsiz” ifadəsi ilə satılan məhsulların sağlamlıq üçün ciddi risklər yaratdığını bildirib.
Qəzetə danışan diş həkimi Rac Juneja deyir: “Bu növ pəhriz içkisi digər qazlı içkilər kimi çox turşudur. Diş minasını zədələyərək bədənin yağ saxlama mərkəzlərini aktivləşdirə bilər. Əgər belə içkiləri içəcəksinizsə, içdikdən dərhal sonra su içməyi məsləhət görürəm.”
Digər həkim Metyu Snelson şəkərsiz qazlı içkilərin orqanizmdə ciddi fəsadlara səbəb olduğunu deyib: “Vücudumuz qida qəbuluna cavab olaraq insulin ifraz edir və bu, xüsusilə tərkibində karbohidrat olan qidalarda baş verir. İnsulin bədəndə yağ yığılmasında rol oynayır”.
Digər tərəfdən, may ayında Ümumdünya Səhiyyə Təşkilatı araşdırma apararaq şəkəri az olan içkilərin zərərlərini gündəmə gətirib. Bu cür məhsulların arıqlamaq üçün istifadə edilməməsi açıqlanıb.
Mütəxəssislər pəhriz üçün qazlı içkilər içdikdən 40 dəqiqə sonra “qısa asılılıq vəziyyəti”nin tətikləndiyini və 60 dəqiqədən sonra belə içkilərin tərkibindəki kofeinin susuzluğu artıracağını bildiriblər.