Şəhidlərin qəhrəmanlığı gələcək nəsillər üçün nümunə olacaqbackend

Şəhidlərin qəhrəmanlığı gələcək nəsillər üçün nümunə olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

27 sentyabr Azərbaycan xalqının tarixində xüsusi bir gün kimi qeyd olunur. Bu tarix 44 günlük Vətən müharibəsinin başlanğıc günü olaraq hər il Anım Günü kimi yad edilir.

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü Azərbaycan xalqının iradəsinin və qəhrəmanlığının simvoludur. Şəhidlərin xatirəsi daim xalqımızın qəlbində yaşayacaq, onların göstərdiyi qəhrəmanlıq isə gələcək nəsillər üçün nümunə olacaqdır. Bu müharibə zamanı qəhrəman oğullarımız tarixin gedişatını dəyişdirdilər.

Qarabağ probleminin nizamlanması üçün 1992-ci il martin 24-də təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk qrupu fəaliyyətinin 28 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır.

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və problemin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Birləşmiş Millətlər Təşkilatı (BMT) işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Belə ki, Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.

2020-ci il sentyabrın 27-də atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçularla yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başladı. Vətən müharibəsində şanlı ordumuz müasir texnika və peşəkarlığı ilə öz gücünü sübut edərək erməni işğalına son qoydu. Bu müharibə zamanı 3000-dən çox azərbaycanlı şəhid oldu.

27 sentyabr – Anım Günü yalnız keçmişi xatırlamaq və itirdiyimiz qəhrəmanları yad etmək üçün deyil, həm də gələcəyə olan bağlılığımızı, milli birliyimizi və vətənpərvərlik ruhumuzu gücləndirmək üçün xüsusi önəm daşıyır. Anım Günü, həmçinin xalqımızın sülhə və sabitliyə olan inamını və istəyini ifadə edir. Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etməklə xalqımızın milli ruhunu, birliyini və dövlətçilik prinsipini möhkəmləndirdi. Bu tarixi Zəfər ölkəmizin inkişafında mühüm əhəmiyyət kəsb edir.

Məşhur Məmmədov
Milli Məclisin deputatı