Türkiyə Səfirliyinin Din Xidmətləri Müşavirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığıyla Bakı şəhəri Şəhidlər məscidində bütün şəhidlərimizin ruhuna ithafən növbəti Qurani-Kərim ziyafəti təşkil olunub.
Tribunainfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık açıq elan edib. O öz çıxışında Quran ziyafətinin şəhidlərə vəfa borcu olduğunu və onları unutmadığımızın nümunəsi olduğunu qeyd edib. Bir ay içərisində şəhidlərimiz üçün 150 xətm oxunduğunu bildirib. Şəhid və qazi ailələrini salamlayıb. Dünyada şəhid olan müsəlmanlara da Allahdan rəhmət diləyib. Natiq öz çıxışında Qafqaz İslam Ordusu şəhidlərini, Qarabağ şəhidlərini, Xocalı şəhidlərini, 20 yanvar şəhidlərini, 44 günlük vətən müharibəsi şəhidlərini, ümumilikdə vətənimizin azadlığı uğrunda canlarını fəda edən bütün şəhidləri rəhmətlə anıb. Hər ay ənənəvi olaraq Quran ziyafətinin keçirildiyini və bu gözəl ənənənin davam edəcəyini vurğulayıb.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə öz çıxışında tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib və bütün şəhidlərə Allahdan rəhmət diləyib. Dünyanın hər yerində şəhidlərimizin vətənimiz üçün nə qədər böyük fədakarlıq etdiyinin şahidi olduqlarını vurğulayıb. Şəhidlərimizin hər biri bizim üçün qürur mənbəyi olduğunu qeyd edib. Şəhid və qazi ailələrinə səbir arzulayıb. O, öz çıxışında şəhidləri anmaq, yad etmək hər birimizin borcudur deyib.
Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Səbail rayonu üzrə bölgə qazısı, Şəhidlər məscidinin imamı Mirzahid Qəmbərov öz çıxışında tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib və xətm proqramının əhəmiyyətindən danışıb. Bütün şəhid ailələrinə Allahdan səbir diləyib və bu kimi tədbirlərin davamlı olmasını arzulayıb.
Tədbirdə Azərbaycanın milli qəhrəmanı, şəhid Mübariz İbrahimovun həyatı və keçdiyi döyüş yolu haqqında geniş məlumat verilib.
Anım tədbirində iştirak edən şəhid mayor Novruz Əsgərovun oğlu Toğrul Novruzlu öz çıxışında “Allah yolunda öldürülənlərə ölü deməyin, onlar hər zaman diridirlər”, ayəsini misal çəkərək, şəhidlərin Allah qatındakı zirvəsinə diqqət çəkib.
Türkiyə Respublikasının Təhsil Nazirinin müavini Nazif Yılmaz da tədbirdə iştirak edib və şəhidlərin ruhuna Qurani-Kərimdən ayələr tilavət edib.
Rəsmi çıxışlardan sonra Nərimanov rayonu Cümə məscidinin imamı Araz Abdullayev, Müşfiqabad məscidinin imamı hafiz Sadiq Məmmədov, Sadiq Ramizoğlu və hafiz Seyhun Saatov öz gözəl Qurani-Kərim qiraətləri ilə Qurani-Kərim ziyafətinə öz töhfələrini veriblər. Bütün qiraətlərdən sonra məscid imamları tərəfindən oxunan ayələrin Azərbaycan dilində məali tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin sonunda Azərbaycan İlahiyyat İnistitutunun müəllimi Əhməd Niyazov vəfat edənlərə Qurani-Kərim oxumağın əhəmiyyətinin savabı haqqında danışıb və tədbir iştirakçılarına dini mövzularda maarifləndirici məlumatlar verib.
Daha sonra məşhur qarilər tərəfindən sala və ilahilər oxunub. Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, dosent Əhməd Niyazov tərəfindən bütün şəhidlərimizin ruhuna dualar edilib.
Tədbir iştirakçılarına şəhidlərimiz adına ehsan süfrəsi açılıb.