Şəhidlərimizin əziz xatirəsi daim əziz tutulacaqbackend

Şəhidlərimizin əziz xatirəsi daim əziz tutulacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir. Şəhidlərin doğum və anım günləri şəhər rəhbərliyinin, ictimaiyyətin və ailələrinin iştirakı ilə qeyd olunur, bu münasibətlə şəhid ailələri evlərində ziyarət olunur.

Tribunainfo.az xəbər verir ki, şəhid ailələri ilə növbəti görüş Şəhidlər xiyabanında keçirilib. Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər icra hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, din xadimləri, şəhid ailələri iştirak ediblər.

Əvvəlcə I Qarabağ müharibəsi zamanı Şirvan şəhərindən itkin düşənlərin xatirəsinə ucaldılan abidə önünə tər qərənfillər düzülüb, xatirələri ehtiramla yad olunub. Sonra Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Tədbir “Şəhid anası” memorial abidə kompleksinin önündə davam edib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələri ilə görüşüb, onlara belə vətənpərvər, şücaətli, igid oğullar yetişdirdikləri üçün təşəkkürünü bildirib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin respublikamıza rəhbərliyi dövründə yetişən gənclərin erməni təxribatlarına və təcavüzünə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatı zamanı göstərdikləri qəhrəmanlıqlardan danışıb. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi, bundan sonra da daim əziz tutulacağı, illər keçsə də, nəsillər dəyişsə də unudulmayacağı vurğulanıb. Şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışılıb, bu qayğının Şirvan şəhərində də davam etdirildiyi bildirilib.

Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrini narahat edən məsələlərlə də maraqlanıb.

Çıxış edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.