Sosial şəbəkələrdə Xətai rayounu, Qaçaq Nəbi küçəsi 9 ünvanda, məhəllədaxili ərazidə yerləşən parkın sökülməsi ilə bağlı məlumatlar yayılıb.
Sosial şəbəkələrdə Xətai rayounu, Qaçaq Nəbi küçəsi 9 ünvanda, məhəllədaxili ərazidə yerləşən parkın sökülməsi ilə bağlı məlumatlar yayılıb.
Yayılan məlumatlarda o da qeyd olunur ki, park ərazisində şəhid Məmmədov Şahin Səməd oğlunun xatirə lövhəsi olan bulaq da sökülüb.
Moderator.az əməkdaşı yayılan məlumatlara aydınlıq gətirmək məqsədilə həmin ərazidə olub.
Parkın giriş hissəsi doğrudan da sökülüb və böyük özül qazılıb. Şəhidin xatirə lövhəsi olan bulaq da sökülüb.
Parkın yaxınlığında yaşayan sakinlər ehtimal edirlər ki, ərazi yeni yaşayış binasının-göydələnin tikilməsi məqsədilə sökülüb, özülün qazılması ilə artıq işə start verilib. Sakinlər onu da bildirirlər ki, bir müddət öncə parkın yuxarı hissəsi də sökülüb, yerində isə göydələn ucaldılıb. O vaxt parkın sökülməsi, göydələnin tikilməsi ilə bağlı müəyyən etirazlar olsa da, bu etirazlar heç bir nəticə verməyib.
Maraqlıdır ki, Xətai rayon İcra Hakimiyyətinin rəsmi saytında göydələnin ucaldılması, göydələnin həyətində uşaq əyləncə elementlərinin quraşdırılması qurumun gördüyü quruculuq işləri kimi təqdim edilir. Qeyd edilir ki, bulağın qarşı hissəsində sakinlərin istirahətini təmin etmək məqsədilə müasir tipli köşklər və oturacaqlar qoyulmuş və uşaq əyləncə elementləri quraşdırılmışdır.
Xətai rayon İcra Hakimiyyətinin rəsmi saytında o da qeyd olunur ki, parkda şəhid bulağının tikintisi və lövhənin yerləşdirilməsi 20.08.2014-c ü ildə şəhidin anası mərhum Məmmədova Gülzarın xeyir-duası ilə həyata keçirilib.
Daha sonra bildirilir ki, şəhidin lövhəsi olan bulağın ətrafı təmizlənərək abadlaşdırılması zamanı əraziyə gələn şəhid Şahin Məmmədovun qardaşı Məmmədov İsaq Səməd oğlu Qarabağ müharibəsi şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərə, şəhidlərin ailə üzvlərinə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirib.
Parkda hazırda aparılan işlərlə bağlı Xətai rayon İcra Hakimiyyətinin də mövqeyini də öyrənməyə çalışdıq.
İcra Hakimiyyətindən bildirdilər ki, həmin ərazidə qanunvericiliyin bütün tələblərinə əməl olunmaqla tikinti gedir. İcra hakimiyyətindən onu da bildiriblər ki, onlarda şəhid ailələrinə göstərdikləri diqqətə görə şəhid anası Şahin Məmmədovun minnətdarlıq ərizəsi var. Qeyd edilib ki, şəhidin qardaşı da həmin ərazidə yaşayır və görülən işlərə görə, icra hakimiyyətinə həmişə minnətdarlıq edir. İcra hakimiyyətindən tikintinin hansısa məqsədlə aparılması barədə heç bir məlumat verilməyib.