“Bu gün yerli vaxtla saat 02:20-də Qubada baş verən və maqnitudası 3.2 olan zəlzələ ilə səhər saatlarında Gürcüstan ərazisində qeydə alınan və Azərbaycanın qərb bölgəsindəki rayonlarında hiss olunan zəlzələ arasında heç bir əlaqə yoxdur”.
Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.
V.Rafiqqızı bildirilib ki, Qubada baş verən zəlzələ hiss olunmayan zəlzələ idi:
“Biz bu zəlzələ ilə bağlı məlumatı ümumi protokol qaydalarına (maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında ictimaiyyətin məlumatlandırılması) görə yaymışıq.
Episentri Gürcüstan ərazisində olan və Gürcüstan-Azərbaycan sərhəddində yerləşən rayonlarımızda 3-4 bal hiss olunan zəlzələ ilə bağlı narahatlığa isə əsas yoxdur. Çünki burada hansısa dağıdıcılıqdan söhbət getmir. Bu bizim ərazimizdə hiss olunan zəlzələ idi.
Odur ki, xahiş edirik vətəndaşlarımızı məlumatlandırarkən rəsmi məlumatlara istinad edilsin. Vətəndaşlarımızdan xahişimiz isə odur ki, yalnız rəsmi məlumatları izləsinlər”.