Şəhərətrafı ərazilərdəki ucuz həyət evlərini almaq sərfəlidirmi?backend

Şəhərətrafı ərazilərdəki ucuz həyət evlərini almaq sərfəlidirmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının mərkəzində mənzil və fərdi yaşayış evləri baha olduğundan nisbətən aşağı büdcəli insanlar Masazır, Sulutəpə, Zabrat, Binə, Ramanı kimi şəhərətrafı ərazilərə üz tutur. Bu ərazilərdə təqribən 2-4 sot torpaq sahəsində tikilmiş birmərtəbəli fərdi yaşayış evləri var ki, onların qiyməti 40-60 min manat ətrafında olur.

Həmin evləri almaq sərfəlidirmi?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Report”a açıqlamasında deyib ki, sözügedən fərdi yaşayış evləri çox zaman keyfiyyət standartlarına cavab vermir:

“Xüsusilə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən fərdi yaşayış evlərinə də ipoteka kreditinin ayrılmasına start veriləndən sonra şəhərətrafı ərazilərdə belə evlərin tikilib satılması bir biznes fəaliyyətinə çevrilib. Biznes sahibi ucuz torpaqlar əldə edir, onun üzərində tikinti işləri aparır və bu zaman xərclərə maksimum qənaət edir ki, həmin evin satışından daha yüksək gəlir qazansın. Adətən belə evləri alanların büdcəsi 50-60 min manat olur. Biznes sahibləri də tikinti zamanı bu büdcəni nəzərə alırlar. Bilirlər ki, tikintinin maya dəyəri yuxarı olsa, evi sata bilməcəyək və ya onun satışından az qazanacaqlar.

Məsələn, biznes sahibi düşünür ki, evin tikintisi zamanı bütün keyfiyyət qaydalarına əməl olunsa, ev 50 min manata başa gələcək və 55-60 min manata satışa çıxarılacaq. Buna görə də çalışır ki, tikintini 40 min manata başa gətirsin, evi 60 min manata satsın və 20 min manat gəlir götürsün. Keyfiyyətli evdə yaşamaq istəyən və büdcələri daha həcmli olan şəxslər adətən ya torpaq alıb özləri ev tikir, ya da tikintini tanıdıqları bir şəxs və ya şirkətə həvalə edirlər. Onlar hazır evlər almağa meyilli deyil”.

Sənədsiz evin sonradan problemləri yaranır

V.Oruc deyib ki, bu cür ucuz fərdi yaşayış evlərini alanlar ilk növbədə sənədləşmə işlərinə fikir verməlidir:

“Sənədsiz evi alandan sonra müxtəlif problemlər yaranır. Odur ki, alqı-satqı qanuni şəkildə və çıxarışla olmalıdır. İkincisi, tikintinin keyfiyyətinə diqqət olunmalıdır. Fərdi yaşayış evini alan şəxs özü bu sahəni bilmirsə, bir mütəxəssisə müraciət etməli, həmin mütəxəssislə evə baxış keçirib onun tikintisində hansı materiallardan istifadə olunmasını, betonun, digər əsas və köməkçi materialların keyfiyyətini müəyyən etməlidir. Digər tərəfdən, həmin fərdi yaşayış evlərinin çoxu tez zamanda içinə girib yaşamaq üçün təmir olunaraq satışa çıxarılır. Ona görə də təmirin aparılması zamanı hansı ölkənin materiallarından istifadə edilməsi də diqqətə alınmalıdır”.

Bir daşla tikilən evlər təhlükəlidir

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri hesab edir ki, daha ucuz başa gəlsin deyə belə evlərin bünövrəsi və divarları bir daşdan tikilir: “Bir daşla fövqəladə vəziyyətlərə dayanıqlı ev tikmək olmur. Evin divarları iki daşdan olmalı, ara divarlar səs kəçirməmək üçün izolyasiya edilməlidir. Daxili izolyasiya da aparılmalıdır ki, içərisinə soyuq hava keçməsin. Həmin evləri almaq istəyənlər onların daha çox gəlir əldə etmək məqsədilə tikildiyini bilməlidir.

Digər tərəfdən, artıq tikinti materialları bahalaşıb. Əvvəllər 25 min manata tikilib ərsəyə gətirilən ev indi 35-40 min manat xərc aparır. Materiallar bahalaşdıqca, biznes sahibləri daha az pul xərcləyərək ev tikməyə çalışırlar. Nəticədə bir-birinə oxşar və standart formalı həyət evləri tikilir. Amma bu evlərə tələbat hələ də var”.

Həmsöhbətimiz qeyd edib ki, Türkiyədə baş verən zəlzələ dünyada fərdi yaşayış evlərinin dayanıqlılıq məsələsini çox aktuallaşdırıb:

“Artıq bir sıra dövlətlərdə evlərin zəlzələyə davamlılığını müəyyən etmək üçün xüsusi aparatlar istifadə olunur. Gələcəkdə bizdə də belə ola bilər. Hazırkı şəraitdə isə zəlzələyə davamlılığı təmin etmək üçün evlərdə beton kəmərlər olmalıdır. Çoxları bunu taxta örtükdən edirlər. Xüsusilə kənd evlərində belə taxta örtüklərin şahidi olmuşuq”.