“Son vaxtlar Azərbaycan vətəndaşlarına qarşı ayrı-ayrı ölkələrin Bakıdakı səfirlikləri tərəfindən sadəcə tərbiyəsizlik kimi qiymətləndirilə biləcək hərəkətlər edilir. Buna bəlkə də dələduzluq da demək olar”.
“Son vaxtlar Azərbaycan vətəndaşlarına qarşı ayrı-ayrı ölkələrin Bakıdakı səfirlikləri tərəfindən sadəcə tərbiyəsizlik kimi qiymətləndirilə biləcək hərəkətlər edilir. Buna bəlkə də dələduzluq da demək olar”.
TİA.AZ xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa öz Feysbuk səhifəsində yazıb.
Fazil Mustafa qeyd edir ki, Azərbaycan vətəndaşı turist səfəri üçün Şengen vizası almaq məqsədilə Avropa ölkələrindən birinin səfirliyinə müraciət edib: “Bunun üçün Dəmirçi Plazada yerləşən özlərinin müəyyən etdiyi şirkət vasitəsilə onların hesabına minimum adambaşına 50 dollardan yuxarı vəsait də ödəyir. Bir müddət sənədləri özlərində saxlayıb, ümid yaradırlar, sonra da cavab vaxtına bir-iki gün qalmış vətəndaşımıza bildirirlər ki, bəs sizin gedişiniz məqsədəuyğun sayılmadı.
Əsaslandırılmış hansısa cavab verilmir, gün kimi aydındır ki, gedən vətəndaşın təqdim etdiyi sənədlər hansısa köç niyyəti güdmür, bununla belə əksər vətəndaşlarımızı bu formada dolandıraraq viza üçün ödədikləri pulları mənimsəyirlər. Bir çox halda isə, adamların bir neçə ay öncə aldığı bilet də batır və buradan da xeyli miqdarda maddi ziyana düşürlər.
Təbii ki, Azərbaycan Xarici işlər Nazirliyi Azərbaycan vətəndaşlarına xarici gözlə baxdığına görə, həmin ölkələrə qarşı hansısa irad bildirmək istəmir. Məhkəməyə vermək üçün də elə bir mexanizm nəzərdə tutulmayıb. Hansısa Azərbaycan vətəndaşı eyni dələduzluğu hansısa səfirliyə qarşı etsəydi, cəzası dərhal kəsilərdi, ancaq adamlar çox rahatlıqla kütləvi şəkildə Azərbaycan vətəndaşlarını soymaqla, zərərə salmaqla məşğuldurlar.
Fikrimcə, bu cür zərərçəkmiş vətəndaşlar onlara qarşı aldadıcı davranışlar sərgiləyən səfirliklərin qarşısında öz etirazlarını bildirmək haqqına sahib olduqlarını unutmasınlar. Necə deyərlər, tumanı düşən qarını, it də tutdu bir yandan! Bu qədər sıxıntı içində olan insanlarımıza bəzi səfirliklərin də göstərdiyi ədəbsizlik həqiqətən də Azərbaycan vətəndaşı kimi şərəfli bir ada hörmətsizlik kimi qiymətləndirilməli və dövlət qurumları tərəfindən bunun adekvat cavabı verilməlidir”.