“Bizim Cəbiş müəllim” filminin sonunda Sovet dövrü üçün intim sayıla biləcək səhnənin çəkilməsi müzakirə mövzusuna çevrilib.
“Bizim Cəbiş müəllim” filminin sonunda Sovet dövrü üçün intim sayıla biləcək səhnənin çəkilməsi müzakirə mövzusuna çevrilib.
TİA.AZ xəbər verir ki, Kulis.az saytının yaydığı məlumata görə, filmin sonunda Cəbiş müəllimin arvadı alverçi qonşusu Əbülfəz ilə Cəbiş müəllimə xəyanət etməsi səhnəsi filmdən çıxarılıb.
Kəsilən kadrları tədqiqatçı Füzuli Sabiroğlu yutubda yerləşdirib.
“Qafqazinfo” qalmaqallı filmlə bağlı ekran işinin əsas qəhrəmanı, Cəbiş müəllimin həyat yoldaşı rolunun ifaçısı Şəfiqə Məmmədova ilə əlaqə saxlayıb.
Xalq artisti həmin məsələni aktuallaşdıranları səviyyəsiz adlandırıb:
“Film 1969-cu ildə çəkilib, yayımlanıb. İllər boyu insanlar bu filmə baxıb və baxır. Kim necə yozursa, yozsun. Onlar özləri istədikləri kimi film çəkərlər. Bu filmdə belə məqsəd güdülməyib, elə səhnələr nəzərdə tutulmayıb. Ssenari məndə, arxivimdədir. Yaradıcılıqda hər şey ola bilər. Yaradıcılıq prosessində nə yaranırsa, artıq filmdə əks tapır. İnsanlar bu səviyyədədir ki, 69-cu ilin filmini qurdalayır?
Böyük insanların ərsəyə gətirdiyi, gözəl aktyorların rol aldığı filmi qurdalayır? Kimsə elə yozmaq istəyirsə, belə səhnələri görmək istəyirsə, reallaşdırar. Bu, onların səviyyəsizliyidir. Həmin görüntülər filmə salınmayıb, burda nə var ki? Yaradıcı insanlar elə görməyib deyə, filmə salmayıblar. Bu, nə səviyyəsizlikdir?”