1 Mart – Ümümdünya Mülki Müdafiə günü ilə bağlı ənənəvi olaraq Səbail rayonunda silsilə tədbirlər keçirilir.
1 Mart – Ümümdünya Mülki Müdafiə günü ilə bağlı ənənəvi olaraq Səbail rayonunda silsilə tədbirlər keçirilir.
Bu münasibətlə Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə Səbail Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Səbail Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilmişdir.
Səbail Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları MM İdarəsinin, nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail rayon hissəsinin, Səbail rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, bələdiyyənin əməkdaşları, rayon Veteranlar təşkilatlarının, Qızıl Aypara Cəmiyyəti rayon bölməsinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri 239 saylı orta məktəbin direktoru, əməkdar müəllim Sədaqət Əzimova açıq elan edərək tədbirin keçirilmə məqsədi barədə danışmışdır.
Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Abit Əliyev bildirmişdir ki, Ümümdünya Mülki Müdafiə günü münasibəti ilə rayon İcra Hakimiyyəti tərəfindən müvafiq sərəncam qəbul olunmuş və bir sıra tədbirlər hazırlanmışdır. Buna uyğun olaraq rayonun bir çox idarə və təşkilatlarında, o cümlədən təhsil müəssisələrində mararifləndirici xarakterli tədbirlər keçirilir.
Rayonun Fovqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Nazir Əkbərov tədbirin keçirilməsinin əhəmiyyətindən danışaraq bildirdi ki, əsas məqsəd şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasının öyrədilməsidir.
Çıxışlardan sonra məktəbin həyətində süni yanğın hadisəsi təşkil olundu və həyəcan siqnalı verildi. Növbətçi müəllimlərin köməyi ilə məktəbin şagird kontingenti 4 dəqiqə ərzində məktəb binasından təxliyə olundu. Təxliyə olunan andan şərti xilasetmə əməliyyatına başlandı. Əvvəlcə «112» qaynar telefon xəttinə məlumat verildi.
Tədbirdə məktəb şagirdlərinin iştirakı ilə hadisə zamanı məktəb binasında qalan yaralılar həyətə çıxarıldılar. Onlara ilkin tibbi yardım göstərildi və təcili yardım maşınları ilə xəstəxanalara aparıldılar. Yanğın zamanı yanğınsöndürmə manqasının üzvləri tərəfindən yanğın lokalizə edilərək söndürüldü. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edildi. Təlimlər çərçivəsində xilasedici, yanğınsöndürmə, radiasiya əleyhinə və digər mühafizə vasitələrinə, FHN xilasedicilərinin xüsusi texnikası və alətlərinə baxış keçirildi.
Sonra orta məktəbin siniflərində maarifləndirici açıq dərslər keçirildi. Bu dərslərdə şagirdlərə əyani vəsaitlər və video filmlər nümayiş olundu, onların fövqəladə hallarla bağlı bilikləri yoxlanıldı.