Mənzillərə quraşdırılmış elektrik sayğacları düzgün işləmir
Mənzillərə quraşdırılmış elektrik sayğacları düzgün işləmir. Bununla bağlı redaksiyamıza bir neçə şikayət daxil olub. Həmin şikayətlərə görə sayğac normadan artıq istifadə olunanda az pul yazır. Normadan az istifadə olunanda isə çox məbləğ yazır. Problemin nədən qaynaqlandığını bilməyən abonentlər bu məsələdə çaşbaş qalıblar.
Məsələ burasındadır ki, sayğac həmişəki normasında işləməkdə davam edir. Amma gah lazım olanından az, gah da çox göstəricisi olur. Bu isə abonentlərin narazılığına səbəb olur.
Ümumiyyətlə, bu cür iddialarla çıxış edənlər az deyil. Dəfələrlə elektrik sayğacının normadan artıq yazması ilə bağlı şikayətlərə də rast gəlmişik. Aidiyyatı qurum isə bu məsələdə hər hansı problemin mümkün olmadığını iddia edir, bu halın yalnız sayğaclarda texniki problem yarandıqda baş verdiyini bildirirlər.
Maraqlıdır, sayğacın dəqiq işləməsini abonentlər necə təyin edə bilər? Belə bir qayda varmı?
“Azərişıq” ASC-nin-nin mətbuat katibi Tanrıverdi Mustafayev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, sayğacın çox və ya az məbləğ yazması heç bir halda mümkün deyil: “Bu elektrron sayğacdı və günün 24 saatını saat kimi dəqiq işləyir. Əgər sayğacın qüsuru varsa, ümumiyyətlə yazmaya bilər. O halda abonent “Azərişıq”a ərizə ilə müraciət etsin və əməkdaşlarımız sayğaca gəlib baxsınlar, laborator test etsinlər. Elə bir şey heç cür ola bilməz. Hər bir abonent istehlakçıdır və yaxşı bilir ki, sayğac nə qədər yazır. Eyni zamanda ayda işığa nə qədər məbləğ ödəyir. Yəni sayğacdan şübhələnirsə, ərizə ilə bizə müraciət etsin”.
Bundan sonra sayğac qurum əməkdaşları və abonentlə birgə laboratoriyada yoxlanılır və onun nasaz, yaxud saz olduğu müəyyənləşir: “Əgər sayğacdan şübhəniz yoxdursa belə, sadəcə, sayğacın dəqiq işləyib-işləmədiyini təyin etmək istəyirsizsə, mənzilinizdə olan soyuducu və digər avadanlıqları elektrik cərəyanından ayırın. Sayğaca yaxınlaşıb baxın, əgər yenə də işləməkdə davam etsə, demək problem var. Əgər sayğac dayanırsa, o zaman hər şey qaydasındadır. Amma bununla belə “Azərişıq” ildə bir dəfə bütün mənzillərin sayğaclarına baxış keçirir. Ayda bir dəfə isə nəzarət edir. Texniki problem yaranarsa, sayğac dəyişdirilir”.