Vəkil adından qanunsuz istifadə edərək vətəndaşı aldatdığı üçün barəsində cərimə cəzası təyin edilən şəxs Vəkillər Kollegiyasını məhkəməyə verib.
Tribunainfo.az xəbər verir ki, Vəkillər Kollegiyası ilə bağlı iddianı Bağırzadə Camal Ramazan oğlu qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisədir. Digər səbəblər isə açıqlanmayıb.
İşə Bakı Apellyasiya Məhkəməsində 31 oktyabr tarixində baxılacaq. İş hakim Mehriban Qarayevanın icraatındadır.
Qeyd edək ki, ötən il Camal Bağırzadənin vətəndaş Pərvanə Babayevaya özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək pul almasına dair məlumat yayılmışdı. Həmin şəxs bu barədə Baş Prokurorluğa müraciət etmiş və Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Camal Bağırzadənin barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) və 399-cu (Vəkil adından qanunsuz istifadə) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdı. Məhkəmənin qərarı ilə o, 350 manat məbləğində inzibati qaydada cərimə edilmişdi.
Nigar