backend

SAXTA DİPLOM PROBLEMİ-EKSPERT RƏYİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər saxta diplomlar mövzusu yenidən medianın gündəminə gəlib. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında 600-dən çox tələbə və məzuna saxta diplom verən filialın direktoru Ramiz Məmmədovun məhkəmə prosesi və bu prosesdə deputatın adının hallanması, eləcə də Səhiyyə Nazirliyinin ötən il 192 saxta diplom aşkarladığı xəbəri saxta diplomlar mövzusunu təkrar aktuallaşdırdı.  

 

Son günlər saxta diplomlar mövzusu yenidən medianın gündəminə gəlib. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında 600-dən çox tələbə və məzuna saxta diplom verən filialın direktoru Ramiz Məmmədovun məhkəmə prosesi və bu prosesdə deputatın adının hallanması, eləcə də Səhiyyə Nazirliyinin ötən il 192 saxta diplom aşkarladığı xəbəri saxta diplomlar mövzusunu təkrar aktuallaşdırdı.

 

Beləki, səhiyyə üzrə 2016-cı ildə  saxta diplom üzrə – 1 ədəd diplom əsli və 191 nəfərə aid toplanmış materiallar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Nəticədə 9 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Saxta diplomları əsasən keçid balını toplaya bilməyib xarici ölkələrin bir sıra universitetlərinə qeyri-leqal yolla qəbul olub, sonra Azərbaycandakı dövlət universitetlərinə köçürülən şəxslər alır. Bütün bu halların aşkar edilməsi üçün 2004-cü il də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanunun tətbiq olunması və saxta sənədlərin istifadəsinə görə vətəndaşların məsuliyyətə cəlb olunması saxta diplomların sayını azaldıbmı? 

Təhsil eksperti Nadir İsrafilov TİA.AZ-a saxta diplom məsələsinin gündəmə tez-tez gəldiyini və bunun müxtəlif aspektlərdən şərh olunduğunu bildirdi: “Ədalət naminə demək lazımdır ki, saxta diplom məsələsi ilə bağlı müəyyən irəliləyişlər var. 5-10 il bundan qabaqkı faktlarla müqayisədə müəyyən sabitləşmə hiss olunur. Bunun səbəbləri müxtəlif şəkildə izah oluna bilər. Xatırlayırsınızsa, 2012-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məsələylə bağlı ciddi rəqəmlər açıqlamışdı. O, 1992-2011-ci illər ərzində 22 min 332 nəfər TQDK-nın “qara baza”sına düşdüyünü və  həmin şəxslərin saxta diplomlarla fəaliyyət göstərdiyini bildirmişdi”.

Saxta diplomların əsasən köçürmələrlə bağlı olduğunu vurğulayan  N. İsrafilov qəbul imtahanında keçid balını toplaya bilməyən gənc xarici ölkələrin, xüsusən də Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə universitetlərinə saxta yolla qəbul olunur, sonra isə Azərbaycanın dövlət universitetlərinə və ya rayon filiallarında birbaşa 2-ci kursa qəbul olunduqlarını xatırlatdı:”Hansı diplom saxta ola bilər anlayışına bu günə qədər də hələ birmənalı mövqə bildirilməyib. Azərbaycan Beynəlxalq Universitetinin tədrisinin təşkilindəki problemlər, qanunsuz tələbə köçürmələri və digər nöqsanlara görə bağlanandan sonra həmin ali məktəbin diplomları qəbul olunmadı, məhkəmə prosesi hələ də bu günə kimi davam edir.  Misir Mərdanovun nazirlik dövründə bir neçə müəlimlər işdən azad olundu. Amma məhkəmə bunları yenidən bərpa etdi. Saxta diplom məsələsinin başlıca səbəbi cəzasızlıqdan qaynaqlanır. Hər hansı universitetin rektoru və ya nazirlikdən kimsə mövcud səbəbə görə cəza aldığı ilə bağlı konkret rəsmi məlumat verilməyib. Məhz “cəzasızlıq sindromu”na görə bu kimi hallar baş verir. Sovet dövründə Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlama İnstitutu var idi, sonradan bu İnstitutun xarakteri dəyişilərək Azərbaycan Müəllimlər İnstitutu statusu aldı. Bu azmiş kimi bu İnstitutun bölgələrdə 11 filialı yaradıldı, o cümlədən də Gəncədə. Bir müddətdən sonra burda böyük korrupsiya faktları aşkarlandı, bir neçə filiallar bağlandı və belə bir mənzərə ortaya çıxdı. 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə sərəncam imzaladı”.

Saxtakarlıq nədə ifadə olunur?

Ekspertin sözərinə görə, Təhsil Nazirliyində Nostrifikasiya şöbəsində diplomların tanınması rəsmi qeydiyyata alınır,  nazirlik hansısa bir xarici ölkədən gələn diplom üçün həmin universitetə sorğu göndərir, dəqiqləşdirmə aparılır: “ İnstitutun lisenziyası yoxdursa və ya Nostrifikasiyadan keçməyibsə saxta hesab olunur. Saxta anlayış da var ki, möhür saxtadır və ya imza saxtadır. Bununla əlaqədar müəyyən qurumlar fəaliyyət göstərir və bu iş daim nəzarətdədir. Obyektivliyi, aşkarlığı və şəffaflığı təmin etmək məqsədilə, artıq bir sıra universitetlərdə “İctimai nəzarət Şuraları” fəaliyyət göstərir. Ölkə başçısının Fərmanı ilə təsdiq olunmuş “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən QHT, KİV və ictimaiyyət nümayəndələrinin ali təhsil müəssisələrində imtahan prosesini izləmək imkanı əldə etmələri üçün hər cür şərait yaradılıb.”

“ Ölkəmiz müstəqillik əldə etdikdən sonra ölkənin sosial- iqtisadi sahəsində olduğu kimi, təhsil sahəsində də müəyyən boşluqlar əmələ gəldi. Təhsil qanununun qəbul olunması 15 ilə qədər ləngidi. Digər normativ hüquqi baza yaradılması istiqamətində lazımi iş aparılmadı. Fürsətdən istifadə olunub, 70-dən artıq ali və orta təhsil müəssisələri yaradıldı və bu müəssisələrin əksəriyyəti özəl oldu. Ona görə də qanunvericilikdə olan müəyyən boşluqlar və  bu təhsil müəssisələrində saxtarkarlıq elementlərinin baş verməsinə səbəb yaratdı. Özəl ali məktəblərdə islahatlara start verilidi. Bir neçə universitetlər – Azərbaycan Beynəlxalq Universiteti, Odlar Yurdu, Təfəkkür Universiteti, Moskva Açıq Univeristeti bağlandı. Bu sahədə rasionallaşma, optimalaşma baxımında tədbirlər həyata keçirilir. Bir sıra universitetlər bağlanır, digərləri birləşir, kolleclər universitetlərin nəzdinə verilir”.

N.İsrafilov  hesab edir ki, belə bir “xroniki xəstəliyi” birdən -birə aradan qaldırmaq mümkünsüz dərəcədə çətin bir şeydir. Əvvəllər mətbuat, internet belə geniş səs-küy salmırdı: ”Burda mətbuatın rolu böyükdü. Korrupsiya, saxtakarlıq halları mətbuat tərəfindən qabardıldı, bu məsələ yüksək səviyyələrə qədər qaldırıldı. Mətbuatın rolu olmasaydı, ictimaiyyət təpkisi olmasaydı bu proses hələ də çiçəklənməkdə davam edəcəkdi”. 

Saxta diplom məsələsinə öz münasibət bildirən digər təhsil eksperti Kamran Əsədov da deyir ki, ali təhsil haqqında sənəd əldə etmək üçün Azərbaycan insanı həmişə çətin yoldan qaçıb, asan yola üz tutub: “ Bu zaman həmin şəxs düşünür ki, nəsə əldə edib. Amma unutmur ki, yalan ayaq tutar, amma yeriməz. Hüquqi baxımdan birbaşa diplom almış şəxsin heç bir hüquqi yoxdur. Amma həqiqətən də tələbə 4 il ərzində universitetə gedib, illik təhsil haqqı ödəyib, semestr imtahanları veribsə,onlara  müəyyən güzəştlər tətbiq edilə bilər. Onlar yenidən qısa müddətli, 2 illik dərslərə cəlb edilməklə onların aldıqları sənədə hüquqi status vermək olar. Amma araşdırma aparmaq lazımdır ki, bu saxta sənədlərdən istifadə edərək fəaliyyət göstərən müəllimin tədris və təhsil göstəriciləri necədir. Bundan əlavə qanunvericilik aktlarına görə həmən şəxslər işlədiyi dövrdə aldıqları məvacib və əmək haqqıları geri qaytarmalıdırlar”.


Nilufər