Yazırlar ki, Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edildikdən sonra universitetə gedib-gəlir. O, “Üzvi kimya” kafedrasının müdiri vəzifəsində qalır. Abel müəllimin yaxşı kimyaçı olmasını deyənlər var. Əslində rektorların, vəzifəli şəxslərin universitetlərdə kafedra müdiri vəzifələrini tutmağı dəb halını alıb. Abel müəllimdən 7 il qabaq (1992-cü ildə)Tibb universitetinə rektor təyin olunmuş Əhliman Əmiraslanov da özünü “Onkologiya” kafedrasına müdir təyin etmişdi. Yəqin ki, o da ora gedib – gəlir. Keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov BDU-nun Biologiya fakültəsində “Torpaqşünaslıq” kafedrasının müdiridir. O, da ora gedib – gəlir. Misir Mərdanov Təhsil naziri təyin olunandan indiyə qədər BDU-da “Ümumi riyaziyyat” kafedrasının müdiridir. İşi yaman ağırdır. Həm Riyaziyyat və Mexanika İnstitutuna, həm də BDU-ya gedib – gəlir. Şəmsəddin Hacıyev İqtisad Universitetinin rektoru olanda özünü “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasına müdir təyin etmişdi. Bax, Hacıyevin ora gedib–gəlməsindən xəbərsizəm. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Bakı Dövlət Universitetində “Ümumi fizika ” kafedrasının müdiridir. Qulaqlara qurğuşun, nə zamanasa MSK sədrliyindən getsə, o da BDU-ya gəlib – gedəcək.
Dünyanın heç bir ölkəsində universitetlə belə məzələnmirlər.
P.S. Gedib – gəlirlər, gəlib – gedirlər… Nə vaxtacan! Allah bilir. Sonra da deyirlər ki, Universitetlərdə cavan kafedra müdirləri yoxdur.
Etibar Əliyev, fəlsəfə doktoru