“SAS 2015” şirkətinin növbəti “tikinti şousu” — Bu dəfə bir kompleksi iki icazə sənədi ilə necə inşa edir?

“SAS 2015” şirkətinin növbəti “tikinti şousu” — Bu dəfə bir kompleksi iki icazə sənədi ilə necə inşa edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaşlara yaratdığı problemlər səbəbindən adı vaxtaşırı olaraq mediada hallanan “SAS 2015” MMC tikinti şirkəti yenidən qalmaqalla gündəmə gəlib. Şirkət bu dəfə Ceyranbatan qəsəbəsinin sakinlərini özündən narazı salıb. Belə ki, MMC-nin Abşeron rayonu Ceyranbatan qəsəbəsi, Bakı-Quba yolunun 26-cı km-də apardığı tikinti işləri ətraf ərazidə yaşayanların rahatlığını əlindən alıb.

Bir qrup qəsəbə sakini tərəfindən Konkret.az-a bu barədə müraciət daxil olub. Şikayətçilər adıçəkilən şirkətin onların uzun illərdən bəri məskunlaşdığı binalara yaxın ərazidə apardığı sürətli inşaat işlərindən narazılıqlarını bildirirlər. Etiraza səbəb isə “SAS 2015”in həmin ərazidə təməlini qoyduğu yaşayış kompleksini tezliklə tikərək başa çatdırmaq cəhdidir. Sakinlər deyir ki, ərazidə gecə saatlarında belə ağır texnikalar çalışır ki, bu da onların dincliyini pozur. Üstəlik, bununla bağlı şirkət nümayəndələrinə dəfələrlə irad bildirsələr də, hələ ki tikinti sahibləri ilə ümumi dil tapa bilməyiblər.

Əməkdaşımız şirkətin Ceyranbatandakı fəaliyyətini araşdırmağa çalışıb. Məlum olub ki, 2015-ci ildən fəaliyyət göstərən “SASGROUP” bu günə qədər əsasən Abşeron rayonu ərazisində həyata keçirdiyi bir neçə tikinti layihəsi ilə tanınıb. Amma bu layihələr şirkətə heç də nüfuz qazandırmayıb, əksinə, haqqında mənfi imic formalaşdırıb. Hətta iki il öncə Xırdalan qəsəbəsi ərazisində şirkətin satın aldığı “Köhnə statistika” binasından məcburi köçkünləri zorla çıxarmaq cəhdləri də böyük səs-küy yaratmışdı.

Mediada yayılan digər xəbərlərə görə, şirkət işlərini daha çox qeyri-qanuni yollarla həyata keçirir və belə vəziyyətlərdə Abşeron rayonunun indiki icra başçısı Abdin Fərzəliyevin “çətiri altına sığınır”. Təsadüfi deyil ki, məcburi köçkün soydaşlarımızla bağlı bəhs etdiyimiz zor tətbiqi olayında da A.Fərzəliyevin adı hallanırdı.

Ancaq bu, “SASGROUP” haqqında ictimailəşən neqativ xəbərlərin heç də hamısı deyil. Belə ki, araşdırmalarımız zamanı ortaya başqa faktlar da çıxıb. Məlum olub ki, adıçəkilən şirkət Ceyranbatan qəsəbəsi, Bakı-Quba yolunun 26-cı km-də yerləşən torpaq sahəsində apardığı tikintiyə icazəni Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədovanın vaxtında alıb. İşin qaranlıq tərəfi isə odur ki, xanım Gülməmmədova Ceyranbatan ərazisində tikinti aparmaq üçün “SASGROUP”a eyniməzmunlu icazəni nədənsə müxtəlif illərdə (2017 və 2021-ci ildə) iki dəfə verib. Yəni təəccüb doğuran əsas məqam da hansısa şirkətin eyni tikintiyə iki icazə sənədini necə əldə edə bilməsi məsələsidir. Bax, bu sualın cavabı tapılsa, “SAS 2015”in fəaliyyətinin gizli məqamlarına da işıq düşər. Təəssüf ki, şirkətə dəfələrlə etdiyimiz zənglər cavabsız qaldığından ortada olan bəzi müəmmaları sona qədər araşdırmaq niyyətimiz baş tutmadı.

Buna rəğmən məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə (RİH) ünvanladığımız sorğu özünü çox gözlətmədi. İcra hakimiyyətinin rəsmi cavabından da hazırda Ceyranbatan qəsəbəsində 55.400 kvadratmetr sahədə aparılan böyük bir tikintinin qanunazidd həyata keçirildiyi məlum olub.

Bildirilib ki, müraciətə əsasən RİH tərəfindən həmin ünvana baxış keçirilib, tikinti işlərinə dair icazəverici sənədlər əldə olunanadək inşaat işlərinin aparılmasının mümkünsüzlüyü barədə tikinti sahiblərinə xəbərdarlıq edilib.

“Qanunsuzluğun təkrarlanmasına yol verilməməsi üçün AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5.1-ci maddəsinin tələblərinə əməl edilərək, Tikintilərin Dövlət Reyestrində qeydə alınması izah olunub”, – deyə RİH-dən verilən cavabda bildirilib.

Mövzu ilə bağlı “SASGROUP” şirkətinin də mövqeyini dərc etməyə hazırıq. Məsələni diqqətdə saxlayacağıq.