Əmin olun, dünyada ilk qəzetlər işıq üzü görəndən bir qədər sonra tənqid hədəfi olan vəzifəli, imkanlı, tanınmış şəxslər məsələ qaldırblar ki, qəzetsiz günlər daha yaxşıydı, ona görə də qəzetlər bağlansın
Bəzi yerlərdə bu cür təşəbbüslər uğurlu alınıb. O qədər qəzet hökumətlərin, qüdrətli şəxslərin iradəsi ilə bağlanıb ki, heç sonradan bərpa oluna da bilməyib.
Bütün ölkələrdə, o cümlədən öz ölkəmizdə də bağlanan, bağlatdırılan, məhv edilən qəzetlər, məcmuələr çox olub.
Bəzən bu açıq şəkil alıb, hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib media quruluşunun əmlakını müsadirə edib, əməkdaşlarını tutublar və qəzetin çapını yasaqlayıblar, bəzən isə tısbağanı öldürməyiblər, sadəcə, arxası üstə çeviriblər və o, qəzet çıxarmaqdan könüllü şəkildə imtina edib.
Ancaq fakt faktlığında qalır, bu gün dünyanın bütün ölkələrində saysız-hesabsız kütləvi informasiya vasitəsi var – qəzetlər, xəbər agentlikləri, telekanallar, radioalar, saytlar, portallar…
Görünən budur ki, ilk qəzetin bağlanmasına çalışan və “qəzetsiz günlər”in xiffətini çəkənlər uduzublar. Media quruluşları birə milyon əmsalda artıb, artır, artacaq.
İndi belə bir dövr gəlib ki, hər bir şəxs ayrıca xəbər yaymaq, öz təəssüratını, qənaətini kütləvi şəkildə başqaları ilə paylaşmaq imkanına sahibdir.
Bu, hər kəsin təbii haqqıdır, hər kəs öz düşüncəsini, başına gələn və ya şahidi olduğu hadisəni başqaları ilə paylaşa, onlara göstərə bilər.
Sadəcə, hər kəsdə bunu daha yüksək keyfiyyətdə etmək bacarığı, mötəbər olmaq, bu cür qəbul edilmək imkanı yoxdur və heç vaxt da olmayacaq. Hamı yaxşı şeir yaza bilmədiyi kimi, hamının da yaxşı, maraqlı, etibarlı, səhih xəbər yaymaq bacarığı yoxdur və sonra qədər də olmayacaq.
Bu bacarığa yiyələnmək üçün yaxşı məktəblər keçmək, kitabxana oxumaq lazımdır. Ömründə kitab oxumayan, hətt böyük statusları belə oxumağa ərinənlərin sosial mediada uğur qazanacağını gözləmək absurddur.
Bununla belə, adam peşəkar deyil deyə, onun xəbər yaymaq, təəssüratlarını bölüşmək haqqını əlindən almaq, yaxud da onu məhdudlaşdırmaq olmaz.
Bu, xəbər aləminin inhisara götürülməsi, insanların informasiya almaq azadlığının boğulması, orta əsr padşahlıqları dönəmindəki, repressiya illərindəki total senzura mexanizminin geri qaytarılması demək olar.
Hazırda dünyanın ən inkişaf etmiş ölkələrində sosial medianın gücündən qorxmurlar, bəyənsələr də, bəyənməsələr də, onunla dinc, yanaşı yaşamağı üstün tutur, bu güclə hesablaşır, ona uyğunlaşırlar.
Ancaq sırf dikatura rejimlərinə malik ölkələrdə, eləcə də demokratiyaya keçid dövrünün uzun tunelində girələnən dövlətlərdə sosial mediaya qarşı aşırı xof, nifrət var.
Belə ölkələrdə tez-tez “sosial medianı nəzarətə götürmək”, “feysbuku bağlamaq”, “instaqramı ləğv etmək”, “yutubu bloklamaq” kimi təşəbbüslər qaldırılır.
O gün jurnalistlərin iştirakı ilə keçirilən bir tədbirdə də belə fikirlər səsləndi. Çıxışçılardan bir neçəsi sosial şəbəkələri “beynəlxalq imperializmin kiçik dövlətləri qarışdırmaq üçün icad etdiyi vasitə” elan etdilər.
Belə anlaşıldı ki, ümumilikdə internet şəbəkəsi məhz böyük güclərin əlində balaca dövətləri idarə etmək, lazım gələndə onların daxilini qarışdırmaq üçün düşünülüb və uğurla istifadə olunur.
Hətta parlaq misallar gətirənlər də oldu: “Filan vaxt Obama tvitterin gücü ilə prezident seçildi”, “keçən il Tramp feysbukdan istifadə edərək hakimiyyətə gəldi, “o vaxt Tunisdə prezidenti sosial şəbəkə paylaşımları ilə devirdilər” və sair və ilaxır.
Həqiqətdə isə bunlar havayı söhbətlərdir. Rəsmi açıqlamaya görə, bu gün ölkəmizdə 3 milyon civarında sosial şəbəkə üzvü var.
3 milyon… Amma ölkənin bu halıyla, problemlərin xirtdəkdən olduğu bir dövrdə müxalifətin mitinqinə o 3 milyondan 3-5 min adam gəlir, ya gəlmir.
Demək, sosial şəbəkələrin gücü haqqında qənaətlər xeyli şişirdilib. Eləcə də sosial mediadan xof həddən artıq böyükdür.
Milli dastanlarımızdan birinin sonu belə bitir, qoca Koroğlu öz-özünə gileylənir ki, “tüfəng çıxdı, mərdlik getdi”. Ancaq sonrakı dövrlər göstərdi ki, tüfəng namərdlər üçün əlverişli silah olsa da (uzaqdan durub vurmaq baxımından), ondan biri də mərdin əlində olanda şanslar bərabərləşir.
Yəni sosial medianı bağlamaq yox, o mediada fəal olmaq yetər.