Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin saldığı avtomobil tunelləri sürücülər üçün problem yaradır. Xüsusilə axşam saatlarında boz rəngli tunellərdə hərəkət təhlükəli həddə çatır. İşıqlandırmanın da zəif olması qəza riskini artırır.
Tribunainfo.az yazır ki, Saleh Məmmədovun milyonlar hesabına inşa etdirdiyi bu tunellər qəza zolağına çevrilib. Bakıda indiyə qədər divarları boz rəngdən başqa rəngə boyanmış tunel demək olar ki, yoxdur. Onsuz da işıqlandırması bərbad səviyyədə olan bu tunellərdə axşam vaxtı hərəkət daha da çətinləşir. Avtomobillərin işıqları olmasa tunellərdə göz-gözü görmür.
Milyon manatlar hesabına başa gələn tunellərin zövqsüz, rəngsiz, işıqsız olması təəccüb doğurur. Bu tunellər əslində sürücülərin rahatlığı, yolun qısalması və asanlaşması üçün inşa edilmiş olsa da, heç də belə deyil. Boz tunellərdə hərəkət etmək sürücülər üçün çətindir.
Sürücülər bildirir ki, tunelləridə 5 işıqdan üçü yanmır, yanan işıqlar da közərmiş formada olduğu üçün hərəkət zamanı problem yaranır. Mütəxəssislər də hesab edir ki, tunel divarları ağ və ya daha işıqlı rəngə boyansaydı daha aydınlıq olardı və hərəkət də çətinləşməzdi.