Sentyabrın 21-nə keçən gecə Krımdakı işğalçı qüvvələrə aid Saki hərbi aerodromuna hücum həyata keçirilib.
Tribunainfo.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, hücumu Ukrayna Hərbi Dəniz Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidməti birgə təşkil ediblər.
Xəbərdə deyilir ki, əvvəlcə aerodroma kütləvi dron hücumu olub və bu, Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemlərini hədsiz dərəcədə yükləyib. Ardınca aerodrom “Neptun” raketi ilə vurulub və “başı dronlara qarışan” HHM sistemləri raketi vura bilməyiblər.
Nəticədə aerodromdakı xeyli sayda hərbi texnikanın məhv edildiyi, infrastrukturun ciddi ziyan gördüyü bildirilir. Qeyd olunur ki, həmin vaxt aerodromda “Su-24” və “Su-30” da daxil olmaqla, 12 hərbi təyyarə və “Pansir” sistemi olub.
Xatırladaq ki, ötən ilin avqust ayında da Saki aerodromuna güclü zərbə endirilmişdi və həmin vaxt Rusiyaya aid 11 təyyarə məhv edilmişdi.