Bir zamanlar Qarabağda “bildirçin bəyliyi” edən Samvel Şahramanyan mətbuata açıqlama verərək, Ermənistanın baş naziri Nikol Paşinyanın ittihamlarına cavab verib və 2023-cü ilin sentyabr antiterror əməliyyatları ərəfəsində baş verənlərdən danışıb. Tribunainfo.az xəbər verir ki, separatçıların rəhbəri deyib ki, Paşinyanın dedikləri cəfəngiyyatdır.
O bildirib ki, Qarabağdan köçmüş ermənilərin istənilən siyasi proseslərdə iştirak etmək hüququ var. O həmçinin həmin ermənilərin 5000 dram (125 dollar) pul üçün müxalifətin aksiyalarına qoşulmasını absurd adlandırıb.
Şahramanyan daha sonra hazırda Bakıda həbsdə olan terrorçuların niyə belə bir addım atmalarına da “izah” verib. Onun iddiasına görə, separatçıların keçmiş rəhbərləri guya, Qarabağdan ermənilərin təhlükəsiz çıxması üçün “fədakarlıq” ediblər. “Bakı həbsxanalarında olan Qarabağın hərbi-siyasi rəhbərliyi girov olaraq qaldı ki, əhalinin çıxarılmasını təmin etsinlər”.
Samvel onu da deyib ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın tərkibində yaşamaq istəmədikləri üçün oranı tərk ediblər. “Bu bir növ referendum idi. Ermənilər Azərbaycanın tərkibində yaşamaq istəmədiklərini köçməklə ifadə etdilər”.
Separatçıbaşı onu da bildirib ki, Qarabağdabir zamanlar olan qondarma “müdafiə ordusu” son antiterror əməliyyatları zamanı da Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olub. “Qarabağda “müdafiə ordusu” son ana qədər Ermənistan Müdafiə Nazirliyinə tabe olub. Onlardan gələn əmrləri yerinə yetirib”.
Şahramanyan daha iki məsələyə də toxunub. O bəyan edib ki, yaxın günlərdə Qarabağda baş verənlərlə bağlı daha geniş açıqlama verəcək. “Tezliklə hamı həqiqəti biləcək”.
Həmçinin o etiraf edib ki, Azərbaycan Ordusuna qarşı döyüşmək gücündə olmayıblar. “Biz tək qalmışdıq və Azərbaycan Ordusuna müqavimət göstərmək mümkün deyildi”.