Ermənistanın ikinci prezidenti, Xocalı soyqırımının qatillərindən olan Robert Koçaryanın son müsahibəsi müzakirələrə səbəb olub. Tribunainfo.az xəbər verir ki, əksər politoloqlar onun Qarabağla bağlı dediklərini tənqid edirlər.
Politoloq Hrant Melik Şahnazaryan bu barədə deyib ki, Koçaryan çıxışı ilə Qarabağ məsələsinin bağlandığını bildirib. “Ən böyük müxalifət birləşmələrindən birinin lideri Robert Koçaryan Qarabağ məsələsinin bağlandığını deyir. Bu o deməkdir ki, Ermənistan bu məsələdən birdəfəlik əl çəkməlidir”.
Şahnazaryan həmçinin Koçaryanı 10 noyabr razılaşması barədə dediklərini də tənqid edib. “O deyir ki, Ermənistanın kapitulyasiya sənədi olan 10 noyabr razılaşmasında Azərbaycanın maraqlarına cavab verən yeganə məqam 9-cu bənddir ki, Ermənistan Azərbaycanın “qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası” arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verib. Amma o, ikinci bəndi görməzdən gəlir. Qaçqınların geri qaytarılması məsələsini mühüm saymır. Çünki işin bitdiyini düşünür”.
Fərda Uğur