“Sahil-R” MTK ilə vətəndaşlar arasında böyük narazılıq: Məhkəmənin qərarı etiraz doğurdubackend

“Sahil-R” MTK ilə vətəndaşlar arasında böyük narazılıq: Məhkəmənin qərarı etiraz doğurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sahil-R” MTK binanın zirzəmisinə “Bazar Store”yə məxsus təhlükəli avadanlıqlar quraşdırıb…

Azərbaycanda fəaliyyət göstərən, yüksək mərtəbəli yayayış binaları tikən MTK-larla bağlı  neçə ildir ki, yazırıq. Əslində təkcə biz yazmırıq, bütün ölkə mediası yazır. Az qala ölkənin yarısı, bu barədə haray salır, dövlət qurumlarına, məhkəmələrə, Arxitektura Komitəsinə, nə bilim Prezident Administarsiyasına müraciət edir, Baş Prokurorluğun qarşısında aksiya keçirir, amma…

Əmması odur ki, yüz minlərlə insanın səsi-harayı yuxarılara çatmır. Amma qardaş  Türkiyədə zəlzələdən sonra binaların çökməsi, tikintinin düzgün aparılmaması, deyəsən bizimkilərin də canına titrətmə salıb. Bunlara deyən lazımdır ki, biz illərdir yazırıq, mütləq zəlzələ olmalı idi ki, nəhayət ayılasınız…

Sözün qısası, MTK-lar Azərbaycan üçün ciddi problemə çevrilib. Söhbət təkcə keyfiyyətsiz tikintidən getmir.

Vətəndaşlar yazır ki, bizi aldadaraq bir mənzili 4-5 adama satmış şirkətin rəhbəri həbs olunsa da, problemlərimiz hələ də qalmaqdadır. Bizim əsas xahişimiz budur ki, dövlət bu işə qarışsın, məsələni himayəsinə götürsün, mənzil alan bütün sakinləri, aldadılmış vətəndaşları bu binada mənzillə təmin etsin, ədalət öz yerini tapsın. Biz vətəndaşlara yardım olaraq MTK-larla bağlı qanunları, rəsmi sənədləri taparaq dərc etmişik, insanlara demişik ki, MTK-ların tikdiyi bina, onun həyəti, zirzəmisi və s orada yaşayan mənzil sahiblərinin, yəni payçıların xüsusi mülkiyyətidir. Binanın tikintisi başa çatandan sonra MTK sədri kimdir, komendant kimdir ki, həyəti sata, zirzəmini kiməsə icarəyə verə, nə bilim binanın həyətində özəl bağça aça  və daha nələr… Biz bunları sadə dildə yazaraq vətəndaşlara çatdırmışıq.

İndi haqqında bəhs edəcəyimiz  binanın sakinləri  “Sahil-R” MTK-dan şikayətçidirlər.

Şikayətçilərin redaksiyamıza daxil olmuş şikayət ərizəsini olduğu kimi dərc edirik:

Nəzərinizə çatdırırıq ki, “Sahil-R” MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Akademik M.Mirqasımov küçəsi, ev 55, 57, 59 ünvanında yerləşən binanın inşası 2016-cı ildə başa çatdırılmış və istismara verilmişdir… Binada təhlükəli və insan ölümü ilə nəticələnə biləcək problemlərdən başlıcası “Sahil-R” MTK tərəfindən müvafiq standartlara cavab verməyən liftlərin quraşdırılmasıdır.

MTK rəhbərliyinin təqdim etdiyi sənədlərə əsasən bu liftlər HKS Has Asansör LTD ŞTİ-yə məxsusdur. Sakinlər tərəfindən dəvət olunmuş mütəxəssislərin şifahi rəyinə əsasən, quraşdırılmış liftlər 8-10 mərtəbəli binalar üçün nəzərdə tutulmuşdur. Liftlər texniki parametrlərinə görə tələblərə cavab vermədiyi üçün mütəmadi olaraq sıradan çıxır, bu isə sakinlərin (azyaşlı uşaqlar, yaşlı və səhhətində müxtəlif problemi olan insanların) liftdə qalması ilə nəticələnir. MTK rəhbərliyi nə desə yaxşıdır..? Liftlər istismara yararsız olsa idi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən rəy verilməzdi.

Şikayətçilər deyir ki, bizim binanın həyətində digər binaya məxsus olan uşaq baxçasının istifadəsi üçün nəzərdə tutulmuş oyun sahəsinin yerləşməsidir. Bütün bunlar azmış kimi, şikayətçilər yazır ki, “SunLab” tibb müəssisəsi binanın Mirəli Qaşqay küçəsinə baxan hissəsində, fasadda əlavə artırmalar etmiş və bununla qanunvericiliyin tələblərini pozmuşdur.

Şikayətçilər onu da yazır ki, binanın özəyində “Bazarstore” marketinə, “Sun Lab” tibb müəssisəsinə, “Göygöl” kafesinə və digər obyektlərə məxsus iri həcmli avadanlıqların (mərkəzi havalandırma sisteminə aid qurğuların, iri həcmli kondisionerlər, çillerlər, binanın fasadına quraşdırılmış və nəzarətsiz qalan kombilər) yerləşdirilməsidir.

Binanın özəyinə quraşdırılmış avadanlıqlar ciddi vibrasiyaya, səs-küyə səbəb olur. Bundan əlavə, yuxarıda adı çəkilən “Bazarstore”a məxsus təhlükə mənbəyi (yanğın və s) olan generatorun və stabilizatorun sakinlərin istirahəti üçün nəzərdə tutulmuş sahədə yerləşdirilməsidir. Elektrik istehlakı kəsilən zaman generator işə düşür ki, bu da sakinlərin ciddi narahatçılığı və narazılığına səbəb olan tüstü və yüksək səs yaradır.

Sakinlərin müraciətindən sonra  FHN-nin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi liftlərin istifadəyə yararsız olması barədə rəy verib. Hətta Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri buradakı səs-küyün normadan artıq olması barədə rəy verib və sənədlər Rayon Məhkəməsinə göndərilib. Təəssüf ki, Rayon Məhkəməsi iki dövlət qurumunun iddiasını təmin etməyib.

İndi hazırda Ekologiya və Təbii Sərvətlər nazirliyi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Hazırda binanın sakinləri  yuxarıda qeyd olunan narazılıqlarla bağlı Səhiyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, FHN-ə, DİN-ə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Avtomobil Yolları  Dövlət Agentliyinə,  Bakı və Nəsimi İcra Hakimiyyətlərinə müraciət ediblər.
Ümid edirik ki, dövlət qurumlarının araşdırması və Apelyasiya Məhkəməsi bütün bu baş verən özbaşınalıqlara son qoyacaq.

//gundelik-baku.com