“Araşdırmalar nəticəsində pensiya təyinatı sahəsində ciddi qanunsuzluqlar, saxta sənədlər tərtib olunmaqla pensiya təyinatlarının aparılması halları aşkar edilib, belə hallarla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib”.
TİA.AZ-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən müşavirədə bəyan edib.
Nazir ümumilikdə pensiya təyinatı sisteminin elektronlaşdırılması ilə bu sahədə şəffaflığın tam təmin ediləcəyini qeyd edib.
Nazir bildirib ki, risk qrupu xəstəlikləri ilə əlaqədar cari ilin birinci rübündə aparılmış əlillik təyinatları araşdırılarkən yanlışlıqlar aşkar edilib, həmin şəxslərə yönələn pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb. Ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün təxirəsalınmaz tədbirlər görülüb. Artıq cari ilin ikinci rübünə dair əlillik təyinatları üzrə araşdırmalar aparılır. Araşdırmalar ikinci və üçüncü qrup əlillik təyinatlarını da əhatə edəcək.
S. Babayev reabilitasiya müəssisələrində də nöqsanlara yol verildiyini, bir çox hallarda növbəliliyin pozulduğunu, bununla bağlı ciddi tədbirlərin görüldüyünü qeyd edib, bu müəssisələrdə çalışanların bilik və peşəkarlıq səviyyələrinin artırılmasının vacibliyini diqqətə çatdırıb.