Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir bıabırçılığa imza atıb. Tribunainfo.az xəbər verir ki, nazirlik bu dəfə yoxsul vəziyyətdə yaşayan 7 nəfərlik ailəyə verilən ünvanlı sosial yardımı dayandırıb.
Bu barədə redaksiyamıza müraciət edən Göyçay rayonu, Cəyirli kənd sakini Abışov Elçin Valeh oğlu bildirib ki, qoca ana, həyat yoldaşı və 4 azyaşlı uşaqla birlikdə bir evdə yaşayır. “Ailəmiz yoxsulluq həddində yaşadığına görə, bizə 2023-cü ilin may ayı tarixində ünvanlı sosial yardım təyin edildi. Ancaq 2024-cü ilin fevral ayı tarixində sosial yardım təyinatından qanunsuz imtina edilib dayandırılıb. Səbəb isə ailə üzvü Abışov Elçin Valeh oğlunun adına avtomobilinin olması göstərilib”.
O deyir ki, ƏƏSMN-nin qərarı qanunsuzdur. Onun sözlərinə görə, iddia olunan “Qazel” markalı 23 BF 579 dövlət nömrə nişanlı nömrəli avtomobil qardaşına məxsus olub. O isə həmin maşını etibarnamə ilə idarə edib və həmin sənəd 2022-ci ilin iyun ayında ləğv olunub. “Bu qanunsuzluğa görə, bizim ailə aclıq, yoxsulluq içində yaşamağa məhkum olunub. Hələ bu azmış kimi, Dövlət Sosial Müdafiə Fondu evimizə məktub göndərərək, 9 ay ərzində aldığımız sosial yardımı geri qaytarmağımızı tələb edir. Bu isə sanki 7 nəfərlik ailəni öldürmək deməkdir”.
Elçin Abışov yazır ki, əgər onun adına avtomobilin olmasına dair saxta sənədi tərtib ediblərsə, bu vəzifə cinayəti hesab olunur. “Hörmətli Prezident, hörmətli Mehriban Xanım Sizdən xahişim edirəm ki, göstərilənləri araşdırıb, bizim ailənin yoxsulluq içində yaşamasını nəzərə alıb Ünvanlı Sosial Yardım bərpa edilmısinə köməklik göstərəsiniz”.