Sahibsiz itlər Sumqayıt sakinini necə yazıçıya çevirdi?(VİDEO)

Sahibsiz itlər Sumqayıt sakinini necə yazıçıya çevirdi?(VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt sakinləri sahibsiz küçə itlərinin hücumlarından ciddi şəkildə narahatdır. Hətta bu narahatlıq elə bir həddə gəlib çatıb ki, Tural Mamedov adlı vətəndaşı yazıçıya çevirib. Tamaşaçımız demək olar həftələrdir APA TV-nin maile ünvanına sahibsiz itlərlə bağlı şikayət və faktlarla dolu məktublar yazır. ”it insanın dostudur” deyimindən başlayıb, “Hatiko: İt Əhvalatı” filminin xatırladılması ilə davam edən bu məktublarda vətəndaş sahibsiz itlərin Sumqayıt şəhərini necə ələ keçirdiklərini, qurumların isə heç bir vətəndaşın şikayətinə müsbət cavab vermədiyini yazır.

Vətəndaş yazır ki, şəhərin müxtəlif nöqtələrində itlərin “qərargahları” var. “Baş qərargah”da isə çoxalma prosesi gedir. Problemin yazıçıya çevirdiyi vətəndaş dediklərinə inananaq deyə faktlar da göstərib. Məktublardan birində qeyd edilir:

“Sumqayıtda it dişləməsi faktı çox baş verir. İl ərzində yüzlərlə belə hal qeydə alınır. Amma yalnız ölüm faktı olduqda bu məsələ gündəmə gəlir. Bir neçə il əvvəl Sumqayıtda, 10-cu mikrorayon ərazisində it dişlədikdən 20 gün sonra 5 yaşlı Zeynəb Mikayılzadə quduzluq nəticəsində vəfat edib.”

Dəfələrlə sahibsiz itlərlə bağlı problemləri işıqlandırmağımıza baxmayaraq vətəndaşın məktublarındakı ciddi narahatlıq hissinə biganə qala bilmədik. Yollandıq sahibsiz itlərin ələ keçirdiyi şəhərə.

Sumqayıtda küçə itləri binaların ətrafında, bloklarda dövran sürür. Nəinki yaşayış binalarının yaxınlığında, hətta bir çox dövlət idarələrinin düz qabağında, şəhərin mərkəzi yerlərində yolun ortasında, Sumqayıt Bulvarında, parklarda günün günorta çağı rahatca var-gəl edirlər. Supermarketlərin, restoranların, kafelərin qabağında, uşaq bağçalarının, məktəblərin, stadionların həndəvərində daimi məskən salıblar.

Üzümüzü çevirdiyimiz hər yerdə insanların, maşınların, velosipedlərin dalınca qaçaraq aqressiv şəkildə hürən itləri gördük.

İşə tələsən sakinlər və məktəbə gedən şagirdlər itlərin kütləvi hücumuna məruz qalır. Sakinlər deyirlər ki, onlardan qorunmaq üçün əllərində daşla gəzirlər. Bəzən isə yollarını dəyişmək məcburiyyətində qalırlar. Sürü halında gəzən küçə itləri gecə vaxtı daha təhlükəli və aqressiv olurlar. Bu baxımdan gecə vaxtı çölə çıxmağı Sumqayıtda az qala qəhrəmanlıq saymaq olar.

Sahibsiz itlər uzun müddətdir ki, piyadalar qədər sürücülərin də gününü qara ediblər. Sürücülər bildirir ki, çox vaxt itlərə görə qəzalar baş verir.

Mütəxəssislər bildirirlər ki, itlərin, xüsusi ilə sahibsiz itlərin insanları dişləməsi təhlükəlidir. İt dişləməsinə məruz qaldıqda mütləq ixtisaslaşmış və quduzluq əleyhinə vaksin olan tibb müəssisəsinə müraciət edilməlidir.

Bəs görəsən bu itlər nə vaxta kimi şəhərdə meydan sulayacaq? Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirildi ki, Sumqayıtda sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə davamlı olaraq sahibsiz itlərin götürülməsi və ərazidən uzaqlaşdırılması işləri həyata keçirilir: ” Şəhər ərazisində sahibsiz itlərin ciddi təhlükə yarada bilməsi nəzərə alınaraq Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara tədbirlərin daha da gücləndirilməsi üçün tapşırıq verilib.”

Bəs tədbir görülürsə niyə problem bir az da kəskinləşib?! Sumqayıtda problemlə birbaşa məşğul olan aidiyyəti qurum da yoxdur. Hansı quruma mikrofon uzadırıq ya “alıb başqa bir yerə aprıb uzaqlaşdırırıq”- deyir, ya da “öldürə bilmirəm nə edim?”

Əlbəttə, heç kim demir ki, itlərin hücumuna qarşı mübarizə üçün onları mütləq güllələmək, öldürmək lazımdır. Odur ki, biz də məsələ ilə bağlı nə edilə biləcəyi ilə maraqlandıq. Mütəxəssislər bildirirlər ki, bu heyvanları quduzluğa qarşı iynə vurmaq, axtalamaq, qısırlaşdırmaq mümkündür.

Digər çıxış yolu kimi Sumqayıtın böyük şəhər olmasını nəzərə alıb standartlara uyğun sığınacaqlar açmaq olar.

Görünən odur ki, problemlə bağlı şəhərdə heç bir ciddi tədbir görülmür. Sumqayıt İcra Hakimiyyəti isə yalnız açıqlama verir ki, tədbir görülür, ya görüləcək.