Azərbaycanda sahibkarlığın inkişafına yardım etmək, onların problemlərini araşdırmağa, habelə imkanlarını artırmaq üçün dəstəyin verilməsinə məsul olan Azərbaycan Respubliksaı Sahibkarlığın İnkişaf Fondu Publik Hüquqi Şəxs intellektual oyunların keçirilməsinə vəsait ayırıb. Tribunainfo.az rəqmi qaynaqlara istinadən xəbər verir ki, Fond “İntellektual oyunların təşkili xidmətinin təkrar satınalınması” üçün “FİBONACCİ” MMC ilə anlaşma əldə edib.
20.296 manatlıq tenderin qalibi olan şirkət bunun müqabilində tədbirin mövzusunun və formatının hazırlanması və idarə edilməsini, oyunlar aparıcı, oyun alətləri və oyun ekspertləri daxil olmaqla təşkil etməlidir. Bu məbləğə 225 nəfərə qəlyanaltı verilməsi də daxildir.
Qeyd edək ki, Sahibkarlığın İnkişaf Fondunun İdarə Heyətinin sədri Osman İsmayıl oğlu Xaliyevdirdir. Bu qurumun əsas missiyası sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi və təşviq edilməsi, ölkədə sahibkarlığın inkişafına dəstək verməklə qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına, ixracyönümlü və idxalı əvəzedən məhsul istehsalının artırılmasına, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsinə dəstək verməkdir.
Onu da qeyd edək ki, hələ 11 oktyabr 2021-ci ildə Prezident İlham Əliyevin “Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb.
Ölkədə böyük bir missiyası olan bir qurumun sahibkarlara yardım etmək əvəzinə, iqtisadiyyata heç bir faydası olmayan intellektual oyun keçirməsi başadüşülən deyil. Ola bilər ki, Fondun rəhbərliyində kimsə “Kim? Necə* Harda?” oyununun həvəskarıdır. Amma bu o demək deyil ki, dövlətin pullarını kiminsə istəyinə və həvəsinə uyğun şəkildə xərcləmək haqqı var.
Tenderdə intellektual oyunlar üçün ayrılmış (özü də təkrar ayrılıb) vəsaitlə hansısa kiçik sahibkarı ayağa qaldırmaq, onun fəaliyyətini stimullaşdırmaq mümkün idi. Görünən isə odur ki, hansısa məmurun zövqünə və istəyinə xərclənib.