Ekspertin fikrincə, ötən 2 ildə ölkədə kiçik və orta sahibkarlığın inkişafı üçün stimul yaranıb
Ekspertin fikrincə, ötən 2 ildə ölkədə kiçik və orta sahibkarlığın inkişafı üçün stimul yaranıb
İki həftədən sonra Azərbaycanda müxtəlif dövlət qurumları tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması üçün müəyyənləşdirilən müddət bitir. Artıq işgüzar çevrələrdə, xüsusilə sahibkarlar arasında qanunun qüvvədə olma müddətinin artırılmasına dair müzakirələr başlanıb.
Xatırladaq ki, prezident İlham Əliyevin təşəbbüsü ilə 2015-ci ilin oktyabrında Milli Məclisdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanun qəbul edilib. Qanun vergi yoxlamaları istisna olmaqla, dövlət orqanlarının sahibkarlıq subyektlərində həyata keçirdiyi əksər yoxlamaların 2 il müddətinə dayandırılmasını nəzərdə tutur.
Sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ölkədə biznes mühitinə, sahibkarlığın inkişafına hansı təsiri göstərdi? Bu qanundan dövlət-sahibkar-istehlakçı üçlüsünün tərəfləri nə qazandı, nə itirdi?
Sahibkarlar: “İki ildir canımız dincəlib…”
“Yeni Müsavat”a bununla bağlı danışan sahibkarların hamısı qanunun qəbulunun onlar üçün böyük müsbət dəyişikliklərə səbəb olduğunu bildirdilər. Ticarət sektorunda fəaliyyət göstərən bir sahibkarın dediyinə görə, qanunun tətbiqindən ötən müddət ərzində onlarda yalnız xronometraj adlı vergi yoxlaması keçirilib: “Təsəvvür edin ki, əvvəl yoxlamalardan başımız açılmırdı. Bir qurum gedirdi, başqası gəlirdi. Öz işimizlə məşğul olmağa vaxt tapa bilmirdik. İki ildir canımız dincəlib, vaxtımızı, enerjimizi öz işimizə ayırmaq imkanı qazanmışıq.” Sahibkarların dediyinə görə, yoxlamaya gələn şəxslərə qeyri-rəsmi ödənişlərinin məbləği ayda 2 min manata yaxın olub.
Pərviz Heydərov: “Orta və kiçik sahibkarlara əlavə nəfəs verilib”
“Prezident İlham Əliyevin Milli Məclis qarşısında sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqda qanunvericilik təşəbbüsü ilə çıxış etməsi və 2015-ci il noyabrın 1-dən prosesin 2 il müddətinə saxlanılması fövqəladə hadisə idi. Bu, ölkədə sahibkarlıq fəaliyyəti üçün əlavə nəfəs verməklə yanaşı, sözügedən sahədə dövlət tərəfindən yeni bir stimul təsiri bağışladı… ” Bu fikirləri “Yeni Müsavat”a qanunun təsirlərini şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov dedi.
Onun sözlərinə görə, qanundan əvvəl dövlət başçısı tərəfindən Nazirlər Kabinetinin genişləndirilmiş bütün iclaslarında sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin və yoxlamaların iqtisadiyyatın inkişafına mənfi təsir göstərməsi dəfələrlə qeyd olunurdu: “Dövlət başçısı hər dəfə bu barədə xəbərdarlıq edir, hətta bu istiqamətdə müəyyən addımlar ataraq, tapşırıqlar da verirdi. Ancaq aşkar görünürdü ki, problemi həll etmək mümkün deyildi. Çünki məsələnin kökü dərində idi. Və inzibati yolla müvafiq qadağa qoyulmasaydı, heç nəyin xeyri yox idi. Ona görə ki, ölkədə bəzi sahibkarların özləri də müvafiq dövlət instansiyaları ilə ”birgə fəaliyyətdə” maraqlı görünürdülər. Və digərləri məhz ona görə bunun güdazına gedirdilər. Bundan əlavə, neft gəlirlərinin azalmasıyla əlaqədar dövlət büdcəsinə daxilolmalar azalmışdı. Neftin qiyməti ilə bağlı gəlirlər 2 dəfədən çox enmişdi. Bu isə qeyri-neft sektorunun inkişafının ikiqat artıq prioritet təşkil etməsinə zəmin yaratmışdı. Qeyri-neft sektorunun inkişafı isə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsindən asılıdır. Büdcə gəlirlərinin əsasını bu sahədən gəlirlər təşkil etməlidir. Sahibkarlıq fəaliyyətinə rəsmi orqanların müdaxiləsi və qanunsuz yoxlamalar isə ən çox məhz orta və kiçik sahibkarlığın “belini qırır” və bu istiqamətdə inkişafın qarşısını alırdı. Belə ki, iri sahibkarlar, necə deyərlər, pis-yaxşı “çullarını sudan çıxara” bilirdilər. Orta və kiçik sahibkarların isə tab gətirməyə gücləri çatmırdı”.
Ekspertin fikrincə, ilk növbədə ötən 2 il ölkədə məhz kiçik və orta sahibkarlığın inkişafı və bunun genişlənməsi üçün stimul rolu oynayıb. Bu isə real şəraitdə olduqca vacib idi: “Yuxarıda qeyd etdim ki, məsələnin kökü dərində idi…. Problem onda idi ki, bəzi hökumət qurumları sözügedən əməllərindən əl çəkmirdilər. Daha doğrusu, əl çəkə bilmirdilər. O səbəbdən ki, müşahidələrə əsasən bu və ya digər sahibkarlar özləri də bunda maraqlı idilər və şəraiti həm də onlar özləri yaradırdılar. Bunun başlıca təkanverici qüvvəsini isə vergilərdən yayınmaq istəyi təşkil edirdi. İndi məsələ bundadır ki, qanunvericiliklə irəli sürülən qadağanın vaxtı gələn ay bitir. Ötəm müddət ərzində sözügedən tədbir nəticəsində itirən də çox olub, qazanan da… Odur ki, 2 il əvvəlki vəziyyətə qayıtmaq istəyən də var, istəməyən də… ”Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatına əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun tətbiqindən əvvəlki 20 ay ərzində vergi yoxlamalarından savayı, sahibkarlıq subyektlərində keçirilmiş yoxlamaların sayı 100 mindən çox imiş… Son 2 ilə yaxın dövr ərzində isə bu, ikirəqəmli səviyyəyə enib”.
P.Heydərov hesab edir ki, müddətin 2 il də uzadılmasına ehtiyac var: “Düzdür, iqtisadiyyatı idarəetmədə inzibati metodlar o qədər də effektli deyil. Uzunmüddətli perespektivdə isə heç yararlı deyil. Lakin əvəzində bir sistem olmalıdır, mexanizm fəaliyyət göstərməlidir. Bu da yaranmayıb hələ”.
Eyyub Hüseynov: “Bazar keyfiyyətsiz məhsullarla dolub”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması istehlakçılar üçün gözlənilən nəticəni verməyib: “Bu qanun Azərbaycanın əmtəə bazarına çoxlu sayda yararsız, aşağı keyfiyyətli, istehlakçıların həyat və sağlamlığına təhlükə yaradan mal və məhsulların daxil olması ilə nəticələndi. Ölkə prezidenti bu qərarı verəndə düşünürdü ki, mal və məhsulların qiyməti azalacaq, istehlakçılar bundan yararlanacaq. Yəni bununla rüşvətxorluğu, sahibkarların izafi ödənişlərini azaltmaq məqsədi güdürdü. Nəticədə yoxlamalar dayandı, izafi ödənişlər azaldı, lakin qiymətlər azalmadı, əksinə, artdı. O qanun sahibkarlar üçün MDB məkanında ən ideal şəraiti yaratdı. Lakin bir çox sahibkarlar bu mühitdən sui-istifadə etmək yolunu tutdular”.
Birlik rəhbəri deyir ki, qanunun qəbulu istehlak bazarına nəzarət etməli olan qurumların əlində bəhanəyə çevrilib:“İstehlakçı hüquqlarını qorumalı olan orqanlar özlərini şəffafdan da şəffaf göstərmək istəyirlər. Bu isə Roma Papasından daha artıq katoliklik etməyə bənzəyir. Biz dəfələrlə konkret faktları onlara təqdim etmişik, heç bir tədbir görməyiblər. Bu dəqiqə mənim stolumun üstündə açıq satışdan alınan vaxtı keçmiş ”Kinder” şokoladları, içində qurd gəzən “Herkules” var. Biz bunları təqdim etmişik həmin istehlakçı hüquqlarını qorumalı olan qurumlara, amma heç bir tədbir görülmür. Prezidentin imzaladığı qanunda bir bənd var ki, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamalar İqtisadiyyat Nazirliyinin razılığı ilə aparılsın. Lakin 2 ildə bu bənd işləmədi. Hesab edirəm ki, qanunun qüvvədə olma müddəti artırılmalı, lakin bu bəndin icrası da təmin olunmalıdır ki, daxili bazarı keyfiyyətsiz məhsullardan qorumaq mümkün olsun”.
Maraqlıdır ki, sahibkarlar yoxlamaların dayandırılması ilə istehlak bazarında keyfiyyətsiz məhsulların artması arasında heç bir bağlılıq olmadığını deyirlər: “Yoxlamalar onsuz da bizdən pul almaq üçün aparılırdı, keyfiyyətə heç bir təsiri yox idi.”
Dünya SAKİT