“Qanun” nəşriyyatı gələn aydan etibarən idxal edilmiş kitabların satış qiymətini qaldıracaq. Buna səbəb isə gömrük rüsumlarında edilən dəyişiklikdir.
“Qanun” nəşriyyatı gələn aydan etibarən idxal edilmiş kitabların satış qiymətini qaldıracaq. Buna səbəb isə gömrük rüsumlarında edilən dəyişiklikdir.
Bu barədə musavat.com-a açıqlama verən nəşriyyatın direktoru Şahbaz Xuduoğlu aşağıdakıları bildirib: “Keçən ilin yanvarından xaricdən gətirilən kitablara 18% ƏDV yüklənilib. Bu, şübhəsiz ki, qiymətləri də artırıb. Gələn ilin yanvar ayından isə 5 faiz gömrük rüsumu tətbiq olunarsa, əlbəttə ki, bu da qiymətlərə təsir edəcək. Onu da qeyd edim ki, qonşu Gürcüstanda xaricdən gələn kitab hər növ rüsum və vergidən azaddır. Türkiyəyə gətirilən kitabların üzərində isə 8% ƏDV gəlir, o da sonradan satışda əvəzləşdirilir”.
Qeyd edək ki, gələn il yanvarın 1-dən çap edilmiş kitablar, broşürlər, vərəqlər və kitab şəklində bağlanılmış və ya ayrı-ayrı vərəqlər şəklində analoji çap materialları, illüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlərə tətbiq edilən idxal gömrük rüsumları artırılacaq.
Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən bu məmulatlara 3 faiz idxal gömrük rüsumları tətbiq olunur. Gələn il yanvarın 1-dən isə bu məmulatlara tətbiq edilən idxal gömrük rüsumları 5 faiz olacaq.