Fındıq tərkibindəki zəngin qida elementləri sayəsində sağlam qidalanmanın əvəzedilməz hissəsidir.
Tribunainfo.az xəbər verir ki, fındığın ürək sağlamlığından beyin sağlamlığına, həzm sistemindən çəkinin idarə olunmasına, dəri və saç sağlamlığından sümük sağlamlığına qədər bir çox müsbət təsirləri var.
Fındıq ürək sağlamlığını dəstəkləyən sağlam yağlar, liflər və antioksidanlar ehtiva edir. Fındığın müntəzəm istifadəsi pis xolesterinin səviyyəsini aşağı salmağa və yaxşı xolesterinin səviyyəsini artırmağa kömək edə bilər. Bu infarkt və insult riskini azaldır.
Fındıq immun sistemini gücləndirir, sinir sistemi, bağırsaq üçün faydalıdır. Fındıq diabet riskini azaldır, orqanizmi xərçəngdən qoruyur və əzələləri gücləndirir.
Fındığın tərkibindəki antioksidantlar damar sağlamlığını qoruyur və qan təzyiqini tənzimləyir.
Bu çərəz beyin sağlamlığı üçün vacib olan E vitamini, fol turşusu və sağlam yağlarla zəngindir. E vitamini beyində oksidləşdirici stressi azaltmaqla idrak funksiyalarını qoruyur və yaşa bağlı zehni geriləmənin qarşısını alır, zehni qabiliyyəti yaxşılaşdırır.
Həmçinin fındıqda olan E vitamini dəri sağlamlığı üçün vacib bir antioksidandır. Dərini sərbəst radikalların zərərli təsirlərindən qoruyur, nəmləndirir və qocalma əlamətlərini gecikdirir. Həmçinin dərinin elastikliyini artırır, ona sağlam və parlaq görünüş verir.
Bundan başqa liflə zəngin qidadır. Lif həzm sağlamlığını dəstəkləyir və müntəzəm bağırsaq hərəkətlərini təşviq edir. Kifayət qədər lif qəbulu qəbizlik riskini azaldır və sağlam həzm sistemi təmin edir.
Zülal qaynağı olan fındığın sağlam inkişaf üçün uşaqlara hər gün qəlyanaltı olaraq verilməsi tövsiyə edilir.
Araşdırmalar göstərir ki, fındığın müntəzəm istehlakı çəkini idarə etməyə kömək edir. Belə ki, tərkibindəki lif və protein toxluq hissini artırır və həddindən artıq yemə hissini azaldır.
İdeal porsiya üçün gündəlik 20-25 ədəd fındıq istehlak edə bilərsiniz.