Əli Cəfərov: “Kiçik maliyyə resursları ilə belə ümummilli məsələnin gündəmdə saxlanılmasının mənfəəti ölçüyəgəlməzdir”
Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant maliyyəsi əsasında qalib seçildiyi “Mədəni irsin təbliği” layihəsinin icrasına start verdi. Bu münasibətlə açıqlama verən ictimai birliyin sədri, layihənin rəhbəri Əli Cəfərov görüləcək işlərin konturlarını geniş ictimaiyyətə çatdırdı.
Məlum oldu ki, icrası iki ay boyunca həyata keçiriləcək layihə may-iyun aylarını əhatə edəcək. Bakı şəhərindəki məktəblərdən birində baş tutacaq layihə tədbirlərinin əsas məqsədi adından da göründüyü kimi, mədəni irsimizin təbliği, yeniyetmə və gənclərin dövlət rəmzlərimiz haqqında təfsilatlı anlayışlarının yaranması və dövlət rəmzlərimizin üzərində daşıdığı hər bir dərin məzmunu dərk etməklə onlara olan sevgilərinin artırılmasına hesablanıb.
Layihənin ana xətti barədə bir qədər də geniş məlumat verən Ə.Cəfərov bildirdi ki, onlar bu vasitə ilə hər bir gənci, hər bir ailəni dövlət rəmzlərimizin təbliğatçısına çevirmək, eyni zamanda vətənpərvərlik hisslərini gücləndirməklə milli şüuru, milli düşüncəni inkişaf etdirmək niyyətindədirlər. Layihə üçünsə hədəf qrupları və benefisiarlar nəzərdə tutulub: “Hədəf qruplarımız 15-17 yaşlı yeniyetmələr, benefisiarlarımız bütün ölkə gəncləri və digər yaş qruplarında olan, həmçinin yeniyetmə və şagirdlərə dövlət rəmzlərimizi, onların əhəmiyyətini təfsilatı ilə anlatmağa qadir orta statistik əhali çevrəsidir”.
Belə vacib, milli dəyərlərə söykənən layihənin reallaşdırılmasına maliyyə ayırdıqlarına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə xüsusi təşəkkürünü bildirən layihə rəhbəri həmçinin icra prosesinin bəzi detallarını da media üçün açıqladı: “layihənin strateji məqsədlərinə çatmaq üçün şagirdlərin fərdi qabiliyyətlərinin üzə çıxarılması kimi taktiki məqsədimiz də maarifləndirmədə müstəsna rol oynayacaqdır. Bunları isə praktiki olaraq şagirdlərin vətənpərvər şeirlər öyrənərək müsabiqədə qiraət etməsi, dövlət rəmzlərinin rəsmini çəkməsi və s. sayəsində daha çox məktəblinin diqqətinin dövlət atributlarımıza cəlb edilməsi sayəsində reallaşdıracağıq. Gördüyümüz işləri media və sosial şəbəkələr vasitəsilə mütəmadi işıqlandırmaqla isə onları bütün ölkə boyu şagird və yeniyetmələrin və hətta bütün əhali qruplarının diqqətinə çatdıracağıq ki, hər bir azərbaycanlı dövlət rəmzlərimizin qoruyucusuna və təbliğatçısına çevrilsin. Kiçik maliyyə resursları hesabına belə ümummilli məsələnin həllinə hesablanmış addımların gündəmdə saxlanılmasının və kiv-lərdə ictimailəşdirilməsinin gələcəkdə özünü göstərəcək hərtərəfli mənfəəti isə ölçüyəgəlməzdir”.
Əli Cəfərov layihənin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Bakı Baş Təhsil idarəsi, Kütləvi İnformasiya Vasitələri və mütəxəsislərlə daim əlaqəli şəkildə icra olunacağını söylədi.