…Göydən yağış kimi yağan minamyot mərmisi bölüyümüzü pərən-pərən saldı. Gözümün qarşısında deyib-güldüyüm, birlikdə yemək yediyim, səngərdə çiyin-çiyinə dayandığım əsgər yoldaşlarımın, dostlarımın səsi mərmi partlayışına sözlə ifadəolunmaz ahəng qatırdı. Yox, bu, təkcə vahimə deyildi, dediyim ki, sözlə ifadə edə bilmədiyim səslər idi…
Gözümün qarşısında yalnız filmlərdə gördüyüm mənzərə canlanırdı: bədənlə başın, ayağın necə ayrılması, havaya uçması…
Sevdiyin insanların gözünün qarşısında bir- bir yoxa çıxması, bir daha onları görə bilməyəcəyini təsəvvür etmək olduqca dəhşətli idi…
Heç özümün də bu savaşdan sağ çıxmaq ümidim yox idi. Bircə anamdan nigaran idim, ondan gizli gəlmişdim, heç halallaşa da bilməmişdim. Evi tərk edib cəbhəyə yolda düşəndə isə sadəcə, anamın şəklini götürmüşdüm. Bircə təskinliyim arada o şəklə baxıb onun nur çöhrəsini xatırlamağım idi.
Bu səhnələr gözümün önündə baş verərkən də anamı xatırlayırdım. Minalardan qorunmaq üçün üzü üstə uzanmış halda anamın şəklini çıxartdım. Anam gülümsəyirdi. Mən şəhid olsaydım, anam da yaşamayacaqdı, axı mən onun gözünün ağı-qarası bir oğlu idim. Bütün bunları düşünə-düşünə anamın məndə olan xatirəsini – şəklini dodaqlarıma apardım, öpüb oxşadım…
1 saatdan çox idi ki, səngərdə üzüqoyulu uzanmışdıq. Əsgər yoldaşlarımız isə atılan mərmilərdən şəhid olurdu, nə ayağa qalxa, nə də onlara kömək edə bilirdik…
Bu, müharibə dövründə yaşadığım ən şiddətli döyüş səhnəsi idi, çünki bu savaşdan 3 nəfər sağ çıxa bilmişdik. Bir də onu da xatırlayıram ki, biz geri qayıdanda digər bölüyün əsgərlərdən biri qışqırmışdı: “Siz ordan necə çıxa bildiniz? Ananız namaz üstəymiş”.
O gün dövlət qurumlarının birindən iş görüşündən çıxanda çöldə oturmaq üçün qoyulmuş “skameyka” da oturdum. Görüşün nəticəsi belə oldu: “SİZİN “STAJINIZ” BİZDƏ İŞLƏMƏYƏ İMKAN VERMİR…”
Indi gəl izah elə ki, ay məmur yoldaş, qarşında duran insan kipriklərinə qədər şəhid qanına bulaşan biridi. Axı qarşındakı duran adamın yüksək ali təhsili, dil bilikləri nəzərə alınamasa da, canını çalışdığın qurumun söykəndiyi dövlətə qurban verib…
Axı sən və sənin kimi məmurlar çıxış edəndə, sosial şəbəkədə yazanda “şəhidlər bizim qeyrətimizi, namusumuzu təmizləmək üçün canlarını fəda verdilər” deyirsiniz.
Təsəvvür elə, ay məmur yoldaş mən də ŞƏHİDƏM, TƏSADÜF NƏTİCƏSINDƏ YAŞAYAN CANLI ŞƏHİD…
Bunları düşünə-düşünə gözümün önündə həmin müharibə səhnələri canlandı. Görəsən, biz, doğrudan da, o döyüşdən sağmı çıxdıq?
Çıxdıqsa, ölümdən dönüşün “staj”ı neçə il sayıla bilər?
Əlişir Əhəd