“Ermənistan ordusu müasir müharibə aparmaq üçün kifayət qədər silahlanmamışdı. Ehtiyatda olan əsgərlərlə işin səviyyəsi də qənaətbəxş deyildi”.
Qaynarinfo xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə parlament komissiyasının iclasında deyib.
“Mən bu barədə artıq açıq demişəm. Biz səfərbərlik resurslarını nə silah, nə hərbi texnika ilə heç vaxt tam təmin edə bilməmişik. Biz iki dəfə – həm 2018-ci ildə, həm də 2019-cu ildə tədbirlər proqramımızda əlavə ştata ehtiyac olduğunu vurğulamışıq”, deyə eks nazir bildirib.
Səfərbərlik resursuna gəlincə, Tonoyanın fikrincə, Ermənistan 60-cı illərin əvvəllərinə qədər (II Dünya müharibəsinin bitməsindən Karib böhranına qədər – red.) 1946-cı il modelindəki sovet ordusuna xas siyasətə sadiq qalıb. Əsas strategiya kimi total müharibənin aparılması, böyük dərinliklərdə – operativ və strateji hərəkətlərin mümkünlüyü nəzərdən keçirilib. Bütün bunlar yüksək doğum nisbəti gözləməsi ilə baş verib: “Bu konsepsiya avtomatik olaraq Ermənistan Silahlı Qüvvələrinə daxil edilib, lakin belə yanaşma real deyildi və hərbi hərəkətlər bunu göstərdi. Bu səbəbdən biz bu yanaşmaya yenidən baxdıq və aktiv ehtiyat ideyasını təqdim etdik. Ehtiyatda olan hərbçilərin cəlb edilməsi peşəkar ordu formalaşdıran ölkələr üçün çox vacibdir”.
Səfərbərlik planlarının həyata keçirilməsinin mümkünlüyü ilə bağlı əlavə sualları cavablandıran Tonoyan bildirib ki, səfərbərliyin təşkili, kadrların hazırlanması, müxtəlif bölmələrin hərəkətlərinin əlaqələndirilməsi daxil olmaqla, onların həyata keçirilməsi çox problemlidir:
“Ehtiyatda olan əsgərləri döyüş vəziyyətinə gətirmək üçün bir çox problem həll edilməli idi. Bizə yalnız hərəkətləri koordinasiya etmək üçün 44 gün lazımdır. Bu cür çətinliklər digər coğrafi regionlarda səfərbərlik resursunun hazırlanması və istifadəsində də özünü göstərir”.
Qeyd edək ki, məhkəmə həbsdə olan Tonoyanın komissiyanın müzakirəsində iştirakına icazə verib. O, cəzaçəkmə müəssisəsinin əməkdaşının müşayiəti ilə parlamentə gəlib. İclas iki gün – avqustun 1 və 2-də keçiriləcək.
Ermənistanın baş naziri Nikol Paşinyan artıq iki dəfə komissiyanın iclasında iştirak edib. Bundan əvvəl komissiyaya keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş və indiki rəisləri Onik Qasparyan və Edvard Asryan və digər yüksək rütbəli şəxslər dəvət olunub.