Sabiq direktor həbs edildi – DƏLƏDUZLUQ

Sabiq direktor həbs edildi – DƏLƏDUZLUQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləmiş Telman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs məhkəməyə gəlməyib.

Hakim bildirib ki, T.Səlimov başqa cinayət əməli törətdiyi üçün hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

Xatırladaq ki, T.Səlimov 2005-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləyib. Ittihama görə, Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişməsində, 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli bina iş adamı Şakir Hüseynova məxsus olub. T.Səlimov həmin binada mənzil satıb. O, həmin binada inşaat qaydalarının pozulmasına görə tikinti işlərinin dayandırılması barədə məhkəmə qərarının olduğunu bilib. Buna baxmayaraq, T.Səlimov Sumqayıt şəhər sakini Rafiq Bəylərovu 17 mərtəbəli yaşayış binasının tikintisinin yenidən bərpa olunacağına, qısa müddətdə başa çatdırılacağına və mənzillərin hazır olacağına inandırıb. O, R.Bəylərovu aldadaraq, yaşayış binasında 50 kvadratmetr sahəli mənzilin hər kvadratmetrinin 300 ABŞ dolları olmaqla, 15 min dollara satılması barədə 8 aprel 2016-cı il tarixli saxta müqavilə tərtib edib. T.Səlimov icraçı qismində sənəd imzalayaraq, “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının möhürünü vurub, R.Bəylərovdan mənzil satmaq adı ilə ilkin olaraq 7231 manat alıb.