Sabiq deputatdan Əmrullayevə SƏRT sözlər

 Sabiq deputatdan Əmrullayevə SƏRT sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil menecerləri məktəbi repetitorluq (kölgə təhsili) institutuna təhvil verdilər. Bunu bilərəkdən etdilər. Məqsəd külli miqdarda pul qazanmaq oldu. Orta təhsilin keyfiyyətinin ilbəil aşağı düşməsi bunları narahat etmədi. Çünki bunların tam əksəriyyəti təhsilə yad adamlardır. Tədris proqramı ilə tədris planının fərqini bilməyənlər Elm və təhsil nazirliyinə doluşdular. Onları ora gətirən nə məktəb təhsilini, nə də ali təhsili bilməyən Emin Əmrullayev oldu. Məktəb idarəetməsi pozuldu, məktəb mühiti aşılandı, müəllim – şagird, müəllim – məktəb direktoru, valideyin-məktəb direktoru, müəllim – valideyen münasibətləri çat verdi. Beləliklə, ilk olaraq təhsil menecerləri məktəb mühitini dağıtdılar. Belə bir mühitdə islahat aparmaq absurddur. Orta təhsilin inkişafı üçün əvvəlcə təhsil mühitini sağlamlaşdırmaq lazımdır.

Tribuna-nın xəbərinə görə, bu sözlərlə parlamentin keçmiş üzvü, təhsil eksperti Etibar Əliyev çıxış edib. O bildirib ki, cəmiyyət artıq belə idarəçilərdən inkişaf gözləmir, çünki səmimi deyillər:

“Deyəsən yadplanetlilər yenə də nazirin qulağına nəsə pıçıldayıb. Əmrullayevi “yeni məktəb modelinə” vadar edən digər versiya da inadırıcıdır. Dostları ilə yeyib-içməkdən gələndə gecə vaxtı yanından keçdikləri məktəblərin işıqlarını yanan görüblər. Emin müəllim qəflətən qışqırıb: “Aha islahat”!
Milli Məclisdə dedikləri: “Yeni model müəllimləri məcbur etməyəcək, tamamilə könüllü və rəqabətə əsaslanacaq. Bu sistemdə müəllimlər daimi işlə təmin olunacaq və onların əməyinin qarşılığı daha yüksək olacaq. Belə müəllimlərin dərs yükü həftədə 18–24 saat təşkil edəcək. Qalan vaxtlarını isə onlar metodik hazırlıq, şagirdlərlə fərdi iş, layihələrdə iştirak kimi fəaliyyətlərə sərf edəcəklər”.
Bu model kişi müəllimlərin üstünlük təşkil etdiyi ölkələrdə tətbiq oluna bilər. Bizim mövcud durumumuza diqqət edək: 2024/2025-ci tədris ilinin statistikasına əsasən Azərbaycanda 146 381 müəllim fəaliyyət göstərib. Onlardan 120 633-ü qadın, 25 748-i kişidir. Başqa sözlə bizim məktəblərdə kişi müəllimlər 17, 5 faiz təşkil edir. Ailəli gənc qadın müəllimlər 8 saatlıq iş rejimində körpə uşaqlarını kimin ixtiyarına buraxacaqlar? Mentalitemizə uyğun olaraq ev işlərini kim görəcək? Müəllimin məktəbdə 8 saat qalması üçün şərait varmı? Məktəb kitabxanalarında neçə kitab var? Müəllim yeməyi evdənmi gətirməlidir?
Demək olar ki, bütün valideyinlər uşaqlarını məktəbdən yayındırmağa çalışırlar. Uşaqlar evlərdə, yaxud kurslarda dərs keçirlər. Uşağı səhər-səhər dərsə gətirə bilməyən nazirlik günortadan sonra məktəbə gətirə biləcəkmi? Məktəb attestat möhürləyən bir məkana çevrilib. Və məktəbin bu funksiyası cəmiyyət tərəfindən dəstəklənir. Təhsil menecerləri regionlarda məktəbləri müəllimlə təmin edə bilmədilər. Fənn müəllimi çatışmayan rayon və kənd məktəblərində uşaqlar ya məktəbə getmədilər, ya da Bakıya üz tutdular. Bakıdan minlərlə valideyin isə attestat almaq üçün uşaqlarının adlarını boş qalan kənd məktəblərinə yazdırdılar. Dünyanın bəlkə də heç bir yerində belə başıpozuq duruma rast gəlmək mümkün deyil”.

Ekspert bildirib ki, nazir Emin Əmrullayevin ortağı Məhəbbət Vəliyeva və digər Məhdud Məsuliyyətli Cəmiyyət yiyələri illərdir ki, müəllimləri qanunsuz olaraq axşam təlimlərinə cəlb edirlər:

“Bu işdə dövlət babanın milyonlarla manat vəsaiti mənimsənilir. Bunun özü də “yeni islahat” üçün təcrübədir. Milyonlar qazanmağın kəsə yolu indi başqa modeldə məktəbə sırınır…
Digər bir məqama diqqət edək: Artıq 10 ilə yaxındır ki, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi keçirilir. Hər il qrant layihələrinə milyonlarla manat vəsait ayrılır. Bu qrant layihələrindən müəllimlər 1 manatın belə sahibi deyil. Təəsüflər olsun ki, bu korrupsiyanın sorğu-sualını aparan yoxdur.
Yeni modelin tətbiqindən sonra məktəblərdə direktor müəllim alverinin yeni mərhələsi başlayacaq. Menecerlər pul qazanmağın yolunu çox gözəl bilirlər”.

Gülşən Rəsul