“Sabah Şahruddinin oynamaq şansı çoxdur” – Qurban Qurbanov

“Sabah Şahruddinin oynamaq şansı çoxdur” – Qurban Qurbanov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Polşanın “Rakuv” klubunu qəbul edəcək.

Matçdan öncə təşkil olunan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– Bizim üçün vacib oyundur. Çox intizamlı komandaya qarşı oynayırıq. Üstünlük bir az rəqib tərəfdədir. Amma hər bir halda geridə qalan günlərdə pis hazırlaşmadıq. Rəqibi tam yaxından tanıdıq. Sabah yaxşı nəticə üçün meydanda çox əziyyət çəkməliyik. Futbolçularım oyunun gedişində bunu hiss etməlidirlər. Bu komandaya qarşı heç bir an oyundan qopmaq olmaz. Rəqibi analiz etmişik. Futbolçularla diskusiyalarımız olub. Çalışacağıq ki, sabah ən yaxşı oyunlarımızdan birini oynayaq. Buna ehtiyac var. Hər bir futbolçu matça məsuliyyətli hazırlaşıb.

– Şahruddin Məhəmmədəliyev buraxdığı səhvlərə görə azarkeşlər tərəfindən ciddi tənqid edilir. Sabah yenə ona güvənəcəksiz, yoxsa hansısa alternativ gözlənilir?

– Bəli, yazılanlardan məlumatım var. Amma bu, kollektiv oyunudur. Start heyəti sabah bilinəcək. Oynamaq şansı da çoxdur. Bu gün tam vaxtımız var. Bizim fikrimiz, diqqətimiz oyunda, rəqibdə olmalıdır. Oyundan kənara çıxmamalıyıq. Başımızı aşağı salıb, işimizi görməliyik. Hər bir futbolçu çalışmalıdır ki, bu oyunda səhvlərdən uzaq olsun. Eləcə də, qapıçılarımız.

– İlk oyundan sonra mətbuat konfransında demişdiz ki, rəqibi daha yaxşı tanıdız. Bu haqda nə deyəcəksiz?

– Bəli, belə ifadə işlətdim. Hər rəqiblə ilk oyundan sonra belə fikir bildirirəm. Rəqibi daha yaxından tanıdıq. Nə düşünürdüksə, onları da gördük. Hətta komandanın ciddi, daha da yaxşı səviyyədə olduğunu gördük. Bakıdakı oyunda Polşadakı matçdakından tam fərqli olmalıyıq. Xüsusən də heç bir saniyə oyundan qopmalı deyilik. Bizim hamımız üçün maraqlı rəqibdir. Bu rəqibə hörmətlə yanaşırıq. Hər komandanın təkcə oyun üslubu yox, klubun iş prinsipi ilə yaxından maraqlanıram. “Rakuv” qısa müddətdə uğurlara imza atıb, ildən-ilə keyfiyyətli iş qurub, nəticələr əldə edib. Ötən mövsüm çempion olublar. Bu komandanın tam ciddi olduğunu daha da anladım. Polşada da demişdim ki, “Rakuv”a simpatiyam yarandı. Rəqib oynadığı oyun sistemini, fəlsəfəni çox yaxşı yerinə yetirir. Hamı düşünür ki, bu sistemdə oynayanlar müdafiəyə önəm verir. Qətiyyən belə deyil. “Rakuv”a uğurlar arzulayıram. Bu, idmandır. Amma sabah Polşadakından daha ciddi olmalıyıq. Olacağıq da.

– “Rakuv”un sabiq baş məşqçisi Papşun deyib ki, onların mərhələ adlamaq şansı yüksəkdir. Bu komandanın memarı odur. Ancaq o gedəndən sonra komanda onun vaxtındakı kimi səliqəli müdafiə olunmur. Sizcə də belədir? Hər halda, onlara iki qol vura bilmisiz…

– Bu komandanın sistemində yaxşı iş qurulub. “Rakuv” elə formalaşıb ki, hansısa məşçqi getsə də, iş prinsipləri, sistemləri qalacaq. Sadəcə onu icra edənlər, hansı səviyyədə edəcək, fərqli sualdır. Onlara qarşı qışda da yoldaşlıq görüşü oynamışdıq. Deməmişdim ki, dəyişiklik var. Əksinə, indi komandada inam var, daha yaxşı bir-birini anlayırlar. Təcrübələri də artıb. Baş məşqçisi futbolun içində böyüyüb, yaşı çox deyil. Amma işində məsuliyyətlidir. Deməzdim ki, müdafiə xətti zəifləyib. Futbolda görürsən ki, bir anlıq hansısa sistem pozulur. Futbolçularım da istifadə etdilər və iki qol vurduq. “Rakuv” təkcə müdafiədə yox, meydanın hər yerində yaxşı müdafiə oluna bilir. Desəm ki, zəif tərəfləri var, düzgün çıxmaz. Amma bu rəqibə qol vurmaq üçün daha aktiv olmalıyıq. Çünki “Rakuv” çox yaxşı müdafiə bacarığı və hücum potensialı olan komandadır.

– Sabah Juninyonun meydana çıxmaq şansı var?

– Vəziyyəti normaldır. Bu həftə komanda ilə məşqlərdə iştirak edib.

– Komandanız daha çox nəyə fikir verməlidir ki, qalib gəlsin?

– Bəzi elementləri bildirdim. Futbolda belə bir şey var ki, əgər qalib gəlmək istəyirsənsə, öz oyununu oynamaq istəyirsənsə, rəqibə imkan verməmək lazımdır. İlk növbədə “Rakuv”a imkan verməməliyik ki, oyunlarını qursunlar. Digər tərəfdən futbolçuların fərdi ustalığı ola bilər ki, yaxşı nəticə etmək üçün vacib olsun. Amma hər bir halda, öz oyunumuzdan, prinsiplərimizdən əl çəkməyəcəyik. Çünki bu günə qədər əldə olunan nəticələr bu prinsiplərə görə olub. Futbolçularımın bütün konsentrasiyası oyuna olmalıdır.