Saatlıda “ölüm mənbəyi”nə çevrilmiş qum karxanaları – kimdir müqəssir?

Saatlıda “ölüm mənbəyi”nə çevrilmiş qum karxanaları – kimdir müqəssir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neçə illərdir ki, Araz çayının Saatlı rayonu ərazisindən keçən hissəsində çoxlu sayda qum karxanaları fəaliyyət göstərir. Bu karxanalarda yerin təkindən istifadə qaydalarına riayət olunmaması nəticəsində Araz çayının məcrası dəyişib, yaxınlıqda yerləşən yaşayış məntəqələrində yeraltı suların səviyyəsi aşağı düşüb, həmçinin minerallaşma dərəcəsi də dəyişib”. Tribunainfo.az xəbər verir ki, bu barədə ictimai fəal Abış Astanov yazıb.
O bildirib ki, çayın yeni məcrasında “oyuq”lar əmələ gəlib, kənarda isə dərinliyi 20 metrdən çox olan göllər və axmazlar yaranıb. “Mütəxəssislərin dediyinə görə, çayın müasir məcrasından kənarda bərpası mümkün olmayan faydalı qazıntı materiallarının çıxarılması gələcəkdə bu zona üçün su ehtiyatlarının tükənməsinə, çirklənməsinə və ətraf ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb ola bilər”.
Astanov deyir ki, artıq neçə illərdir ki, bunun fəsadları Saatlı rayonunda öz təsirini göstərir. “Bunu hər il rayonun müxtəlif kəndlərində baş verən “su üsyanları”ndan da aydın görmək olar. Onu da qeyd etməyi özümə borc bilirəm ki, burada yaranan dərin göllərdə xeyli sayda insan boğularaq dünyasını dəyişib. Beləcə də kimlərinsə var-dövlət yığmaq hərisliyi səbəbindən insanlar həlak olur, xalqa, dövlətə, təbiətə xeyli ziyan dəyir”.
İctimai fəal qeyd edir ki,bütün bu əməllər barəsində əhali tərəfindən dəfələrlə müxtəlif dövlət qurumlarına müraciətlər olunsa da heç bir tədbir görən yoxdur. “Ona görə ki, karyer işlədənlərin özlərinin də dediyinə görə “krışa”ları Bakıda yüksək vəzifə sahibidirlər”.
Abış Astanov onu da deyib ki, yaxın günlərdə həmin karyerlərin kimlərə məxsus olması, orada hansı dövlət qurumlarının texnikalarından istifadə olunması, vergidən yayınma halları və digər qanunsuzluqlar barəsində, həmçinin onların “krışa”ları haqqında geniş məlumat verəcək.