Xəbər verdiyimiz kimi, Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin səhhətinin heç də yaxşı olmadığını əks etdirən yeni fotosu yayılıb.
Tribunainfo.az xəbər verir ki, onun müalicə aldığı “Viva Med” klinikasından sabiq prezidentin kadrları da yayılıb.
Kadrlarda Saakaşvilinin qəribə hərəkətlər etməsi, tez-tez özündən çıxması, ətrafındakılara qəzəblənməsi əks olunub.
Görüntülər Gürcüstan mətbuatında və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qeyd edək ki, sabiq prezidentin cəzasına təkrar baxılması ilə bağlı dekabrın 14-nə təyin edilmiş bağlı məhkəmə iclası onun səhhəti ilə əlaqədar olaraq dekabrın 22-nə təxirə salınıb. Hakim bu qərarı Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin indiki mərhələdə iclasa məsafədən qoşulmanı təmin etmək imkanından məhrum olduğunu açıqlamasından sonra qəbul edib.
Bundan sonra Saakaşvili yenidən aclıq aksiyasına başladığını bəyan edib.
Xatırladaq ki, daha əvvəl Saakaşvili iki dəfə aclıq aksiyası elan edib. Onun birinci dəfə, saxlanıldığı gün – 2021-ci il oktyabrın 1-də elan etdiyi aksiya 50 gün davam edib və sabiq prezidentin səhhətinə mənfi təsir göstərib.
Saakaşvili mayın 12-dən etibarən “Vivamedi” klinikasında müalicə alır.