Saakaşvili siyasi sığınacaq istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynadan siyasi sığınacaq istəyib.
 

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynadan siyasi sığınacaq istəyib. Novator.az-ın məlumatına görə, bunu oktyabrın 3-də Saakaşvilinin vəkili Markiyan Qalabala açıqlayıb.

Vəkil bildirib ki, Mixail Saakaşvili sığınacaq almaq üçün Ukraynanın Miqrasiya Xidmətinə ərizə ilə müraciət edib.

Müraciətə hələ cavab verilməyib. Vəkil cavabın gün ərzində verilməli olduğunu vurğulayır.

49 yaşlı Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 2013-cü ildə ölkəsini tərk edib. Gürcüstanda onun haqqında bir neçə cinayət işi qaldırılıb.

2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il Odessa vilayətinin qubernatoru təyin edilib.

2015-ci il dekabrın 4-də Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib. Buna əsas kimi Saakaşvilinin başqa ölkənin vətəndaşlığını qəbul etməsi göstərilib.

2016-cı il noyabrın 7-də Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu korrupsionerləri himayə etməkdə günahlandıraraq Odessa qubernatoru vəzifəsindən istefa verib və noyabrın 10-da postundan azad edilib.

2017-ci il iyulun 25-də Pyotr Poroşenko Saakaşvilini vətəndaşlıqdan çıxarıb. Buna Saakaşvilinin vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərməsi əsas gətirilib.

Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılması ilə barışmır. Sentyabrın 10-da o, bir qrup tərəfdarı ilə Polşa-Ukrayna sərhədində sərhədçilərin və polis əməkdaşlarının qurduğu sipəri yararaq Lvov şəhərinə keçib.

Ukraynada buna görə cinayət işi qaldırılıb. Olay dövlət sərhədini qanunsuz keçmə ittihamı üzrə araşdırılır.

Mixail Saakaşvili Ukraynada hakimiyyətin dəyişikliyi üçün mexanizm yaratmaq anonsu verib. Yeni Qüvvələr Hərəkatı adlı müxalif partiya yaradan Saakaşvili Ukraynada növbədənkənar parlament seçkisinin keçirilməsini tələb edir.