əbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində əməliyyat keçirib.
Mərkəzin baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyev saxlanılıb.
Qeyd edək ki, Elşən Hümbət oğlu Mustafayev 10 ay əvvəl Respublika Narkoloji Mərkəzinə baş direktor təyin olunub. O, bu vəzifədə Respublika Psixiatriya Xəstəxanasına baş direktor təyinatı alan Orxan Cəfərovu əvəzləyib.
Elşən Mustafayev 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetində oxuyub. O, daha əvvəl Respublika Psixiatriya xəstəxanasında həkim-psixiatr işləyib.
Zamin Əliyev də Azərbaycan Tibb Universitetinin məzunudur. O, 2007-ci ildən Respublika Narkoloji Mərkəzində işləyirdi.
Rəsmi açıqlamada deyilir ki, istintaq zamanı Elşən Mustafayevin 2023-cü ilin aprel ayında qeyd edilən vəzifəyə təyin edildikdən sonra müavini Zamin Əliyev ilə qabaqcadan əlbir olub əsas fəaliyyət istiqaməti narkotik vasitələr və spirtli içkilərin qəbulundan əziyyət çəkən şəxslərin müayinə və müalicəsini aparmaqdan ibarət olan həmin Mərkəzə pasiyentlərin qəbul edilərək aidiyyəti şöbələrə yerləşdirilməsi, müayinələrin aparılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına və əvvəlcədən əldə edilmiş razılığa uyğun şəkildə aralarında bölüşdürülmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyev şübhəli şəxs qismində tutularaq onlara Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib və barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.