Rusiya vətəndaşlarının böyük hissəsi işsiz qalacaqları təqdirdə bir ay belə yaşaya bilməyəcək.
Tribunainfo.az -ın xəbərinə görə, “SuperJob” platformasının apardığı yeni sorğunun nəticələri göstərir ki, yalnız hər on altıncı rusiyalı bir il maaşsız yaşaya biləcək qədər ehtiyata malikdir.
2025-ci ilin iyul ayından etibarən kommunal xidmət tariflərinin artımı ilə inflyasiya səviyyəsi də yüksəlib. Hazırda Rusiyada gözlənilən illik inflyasiya 9,45%-ə çatıb. Belə bir iqtisadi mənzərə fonunda nəşr olunan “SuperJob” sorğusu rusiyalıların maliyyə dayanıqlığını ciddi sual altına alır. Respondentlərin 38%-nin ümumiyyətlə heç bir yığım vəsaiti yoxdur, yəni bu insanlar maaşsız yaşaya bilməzlər. 13% isə ən yaxşı halda bir aydan az bir müddət yığımları hesabına yaşaya biləcək. 24% rusiyalı 1–2 ay maaşsız keçinə biləcək qədər yığıma malikdir. 12% isə 3 aydan yarım ilə qədər dolana biləcək qədər ehtiyata sahibdir. Yalnız 7% vətəndaş yarım il – bir il işləmədən yaşaya biləcək qədər vəsait yığıb. 6% rusiyalı isə bir ildən çox maaşsız qalmaqdan qorxmur.
Maraqlıdır ki, ötən il vəziyyət nisbətən daha yaxşı idi – 2024-cü ildə respondentlərin 27%-i öz yığımları ilə 3 aydan çox yaşaya biləcəyini demişdi. Həmin ilin ümumi inflyasiya səviyyəsi isə 9,52% olmuşdu.
Bu göstəricilər bir daha təsdiq edir ki, Rusiyada əhalinin əksəriyyəti həssas iqtisadi durumda yaşayır və hər hansı maliyyə şoku vəziyyətində dərhal maddi çətinliklərlə üz-üzə qalır.
Musavat.com