Ruslar daha çox kimi düşmən obrazında görürlər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Düşmən ölkələr Polşa, Estoniya, Ukrayna, dost ölkələr isə Belarus, Çin və Qazaxıstandır 

Düşmən ölkələr Polşa, Estoniya, Ukrayna, dost ölkələr isə Belarus, Çin və Qazaxıstandır

 

Rusiyanın Gürcüstan, ardınca da Ukraynada son bir neçə ildə apardığı müharibələr bu ölkəyə qarşı münasibəti dəyişib. Artıq Avropada Rusiyanı bir təhlükə kimi nəzərdən keçirirlər. Maraqlıdır ki, elə rusların özləri də onlardan geri qalmırlar. Müstəqil fəaliyyət göstərən “Levada Mərkəzi”in apardığı sorğunun nəticələrinə əsasən də bunu sezmək mümkündür. Bu dəfə ABŞ, Ukrayna, Almaniya və Litva ilə yanaşı, rusların ən çox xoşlamadığı ölkələr sırasına Polşa da düşüb. Rusiyalılar ABŞ-ı ən böyük təhlükə sayır. Sorğuya əsasən, respondentlərin 69 faizi bu qənaətdədir. Sorğuda iştirak edən rusiyalıların 24 faizi Almaniyanı düşmən sayır. Polşanı 21 faiz respondent düşmən adlandırıb. Rusların cəmi 1 faizi bu ölkəyə simpatiya ilə yanaşır. Moskvanın əsas dostları Belarus, Çin və Qazaxıstandır. Sorğu iştirakçılarının 46 faizi Belarusu, 39 faizi Çini Rusiyanın əsas müttəfiqləri hesab edir. Respondentlərin 34 faizi Qazaxıstanı, 15 faizi isə Suriyanı dost ölkə sayır. Polşanın nüfuzlu “Newsweek Polska” nəşri dərhal belə bir sualla çıxış edir: Polşa ilə bağlı nəticə rusların polyaklara münasibətini real əks etdirirmi? “Prinsip etibarilə Polşa ilə münasibətlər Rusiyada heç kimi maraqlandırmır. 

Mənin soydaşlarım yerli seçkilər barəsində və yaxud “yaxşılığa doğru dəyişikliklər” barədə heç nə bilmirlər”, – deyə rusiyalı politoloq İvan Preobrajenski bildirir. “Rusiyada ən çox yadda qalan Kaçinski soyadıdır və bu soyad onlarda mənfi emosiya doğurur. Polşaya səfər edən rusların sayı da xeyli azdır. Düzdür, ötən əsrin 70-ci illərində Rusiyada polyak dilinin öyrənilməsi geniş yayılsa da, sonradan bu unudulmağa başladı”, – deyə nəşr politoloqa istinadən yazır. Qeyd edilir ki, polyakların çəkdiyi “Katın” filmindən sonra rusların polyaklara münasibəti yaxşılığa doğru dəyişdi və bir növ onlara yazıqları gəlməyə başladı. Lakin Ukraynada müharibə başladıqdan sonra yada düşdü ki, Polşa NATO və Avropa İttifaqının üzvüdür. Ruslar hələ də Polşanın Alyansa üzv olduğu ilə barışa bilmirlər. Bununla yanaşı, əhali arasında müəyyən simpatiya qalmaqdadır. 

Sorğuda Polşa ilə yanaşı, digər ölkələrlə də bağlı mövqe ortaya qoyulub. Xüsusi qeyd edilir ki, Donbasda və Yaxın Şərqdə baş verən müharibə Rusiyaya qarşı münasibəti bir qədər də dəyişdirib. Polşa nəşri yazır ki, “rusları tək ABŞ deyil, Avropa İttifaqı da özündən çıxarır. Hər dörd rusdan biri Polşanı düşmən gözündə görür. Hər il Rusiyada ölkəmizi sevməyənlərin sayı durmadan artır. 2006-cı ildə Polşanı sevməyənlərin sayı 7 faiz idi”. Rusların “qara siyahı”sına düşənlərin sırasında Ukrayna da var. Bu ölkəni düşmən obrazında görənlərin sayı 50 faizdir. Litva və Latviya isə 24 faizdir. Polşa nəşri xüsusi qeyd edir ki, Türkiyə ruslar üçün artıq düşmən ölkə deyil. “Təyyarə qalmaqalından sonra rusların nifrət obyekti türklər oldu. Suriyada başlanan müharibə ikitərəfli münasibətləri kritik həddə çatdırdı. Rusiya Bəşər Əsəd rejiminin qalmasını, Türkiyə isə dəyişməsinə çalışır. Lakin Türkiyənin təyyarə qalmaqalına görə üzr istəməsindən sonra münasibətlər normallaşmağa başlayıb”, – deyə nəşr yazır. Sosioloqların qənaətinə görə, respondentlərin münasibəti son illər ərzində ən çox Türkiyəyə münasibətdə dəyişib. Belə ki, 2015-ci ildə Türkiyə Rusiya hərbi təyyarəsini vurana qədər respondentlərin 1 faizi Türkiyəni düşmən sayırdı. 2016-cı ildə bu rəqəm 29 faiz, bu il isə 8 faiz təşkil edib.

O ki qaldı Avropa İttifaqına daxil olan digər ölkələrin Rusiyaya münasibətinə, əksər ölkələr, şimal qonşumuzu artıq özlərinə təhlükə kimi görməyə başlayıblar. Baltikyanı ölkələr isə hətta Rusiya ilə sərhəddə beton sədd tikməyə, NATO təlimlərinin sayını artırmağa başlayıblar. Respondentlərin qənaətinə görə, Latviya, Litva, Estoniya Rusiyanın rəqibləri arasındandır. Elə rusların da avropalılara münasibəti dəyişib. Əgər əvvəllər rusların münasibəti neytral və müsbət idisə, indi vəziyyət fərqlidir. Kremlin təbliğat kampaniyasından sonra əhalinin  Avropaya münasibəti pisləşib. Konkret olaraq Estoniya ilə bağlı vəziyyət kritikdir. Estonlar rusların gözündə “qədirbilməz xalq”dır. İndi Rusiyada estonlardan zəhləsi gedənlərin göstəricisi 20 faizdir. Eyni vəziyyət Gürcüstanla da bağlı yaşanır. 2008-ci il müharibəsindən sonra Gürcüstan Rusiya üçün düşmən ölkəyə çevrildi. İndi düzdür, bir qədər fərqli vəziyyət olsa da, yenə də nifrət hissi var.

Yeri gəlmişkən, sorğuya əsasən Azərbaycan, Hindistan, Ermənistan, Kuba, Özbəkistan və Tacikistan da rusların dostları arasında yer alıb. Sorğuda iştirak edənlərin 46 faizi hesab edir ki, Rusiya beynəlxalq ictimaiyyət tərəfindən təcrid olunub. Respondentlərin 45 faizi isə bu fikri inkar edir. Rusiyanın təcrid olunduğuna inanan sorğu iştirakçılarının 44 faizi bundan narahatlıq keçirdiyini söyləyib.