Bu ilin I yarısında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz azalaraq 988,2 min nəfər olub.
Tribunainfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 38,1 faizi Türkiyəyə, 16,7 faizi Rusiya Federasiyasına, 11,1 faizi Gürcüstana, 10,0 faizi İrana, 24,1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 66 faizini kişilər, 34 faizini qadınlar təşkil edib.
1 il əvvələ nisbətən İrana gedən Azərbaycan vətəndaşlarının sayı 14,2 faiz, Gürcüstana gedənlərin sayı 25,3 faiz artmış, Türkiyəyə gedənlərin sayı 4,3 faiz, Rusiyaya gedənlərin sayı isə 24,6 faiz azalıb.
Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,6 faizi hava, 29,3 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.