Rusiyanın Samara vilayətinin Novokuybışevsk şəhərindəki neftayırma zavoduna dron hücumu olduğu güman edilir, müəssisədə yanğın baş verir.
Bu barədə “Ostorojno, novosti”, “Krovavaya barınya” və s. yerli teleqram kanalları məlumat verib.
“Samara vilayətinin Novokuybışevsk şəhərinin sakinləri neftayırma zavodunun ərazisində yanğın barədə məlumat veriblər. Yerli sakinlərin sözlərinə görə, bundan az əvvəl partlayış səsləri eşidilib”, – “Krovavaya barınya” bildirib.
Yerli sakinlərdən biri “Ostorojno, novosti”yə deyib ki, əraziyə “iki vuruş” olub. Teleqram kanala görə, söhbət dron hücumundan gedir.
“RİA Novosti” dron hücumunun olduğunu təsdiqləyib: “Samara vilayətində neft emalı zavodunun kolonu dronun düşməsindən sonra yanıb”. Əlavə edilib ki, hadisədə xəsarət alan olmayıb.
Qeyd edək ki, Samara vilayəti Rusiyanın Qazaxıstanla sərhədyanı bölgəsidir. Sözügedən zavod isə Mərkəzi Asiya ölkəsindən cəmi 160 km məsafədə yerləşir. Ukraynadan (işğal olunmamış ərazilər) isə təqribən 900 km aralıdır.
Xatırladaq ki, martın 16-da Samara vilayətinin qubernatoru bölgədəki sənaye müəssisələrinə dron hücumunun olduğunu açıqlamışdı. O zaman hədəflər arasında Novokuybışevsk zavodu da var idi.