Rusiyanın məcburi müharibəyə apardığı azərbaycanlı haradadır? – Foto

Rusiyanın məcburi müharibəyə apardığı azərbaycanlı haradadır? – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin may ayında Rusiyada miqrantlara qarşı keçirilən əməliyyat zamanı saxlanılan və məcburi şəkildə Ukrayna müharibəsinə göndərilən Azərbaycan vətəndaşı Ağamir Əzimovdan hələ də heç bir xəbər yoxdur. Sonuncu dəfə Ukrayna ordusu tərəfindən əsir götürüldüyü bilinən həmyerlimizin ailəsi 9 aydır ki, oğlundan bir xəbər ala bilmir.

Bu barədə Tribunainfo.az-a danışan A.Əzimovun anası Sevinc Hüseynova bildirib ki, oğlu məcburi şəkildə müharibəyə aparılandan müraciət etmədiyi dövlət qurumu qalmayıb. Ancaq heç bir qurum ona oğlu ilə bağlı məlumat belə vermir:

“Oğlum Ağamir Rauf oğlu Əzimov 1993-cü il təvəllüdlüdür, Azərbaycan vətəndaşıdır, evlidir, yeni dünyaya gəlmiş övladı var. O, ailəsi ilə bilikdə bir ilə yaxın idi ki, Moskvada yaşayırdı və orada işləyirdi.
20 may 2024-cü ildə oğlum mənimlə telefonla əlaqə zamanı bildirdi ki, Rusiya ərazisində yaşamasının qanuni əsaslarının yoxlanılması səbəbi ilə saxlanılıb. Sonra onu Miqrasiya İdarəsinə aparıblar. Orada psixi və fiziki zorakılığa məruz qalıb. Mənə telefonda bildirdi ki, mənə bir kağız imzalatdılar. Bildirdilər ki, müharibəyə gedəcəksən. O mənə telefonda bildirdi ki, məni axtarıb tapın, bunların əlindən alın. O telefonla danışığımız zamanı mənə bildirmişdi ki, müharibəyə getsə, ukraynalılara təslim olacaq. Dedi ki, ana, mən döyüşmək istəmirəm. Ukrayna əsgərlərinə təslim olub onlara izah edəcəm ki, azərbaycanlılayam və ruslar məni məcburi gətiriblər döyüşməyə”.

S.Hüseynova bildirib ki, bundan sonra onlar həm Azərbaycan, həm Rusiya, həm Ukrayna dövlət qurumlarına dayanmadan müraciətlər ünvanlayıblar:
“Hüquqşünasımız var. Onun vasitəsilə də hər üç ölkənin dövlət qurumlarına 9 aydır dayanmadan müraciətlər edirik. Ancaq oğlumun harada olduğunu tapa bilmirik. Sonuncu dəfə onun Ukrayna ordusuna əsir düşdüyünü bildik. “Teleqram” kanalında yayılan videolardan oğlumu tanıdım. Dostları mənə başqa videolar da atdı. Onu döyürdülər. Sonuncu dəfə Ukrayna ordusu tərəfindən əsir götürüldüyünü bilirik. Ancaq indi haradadır, vəziyyəti necədir bilmirik.


Azərbaycan Xarici İşlər Nazirliyinə, Ombudsmana, Rusiya və Ukrayna arasında davam edən müharibə zamanı əsir düşmüş şəxslərin dəyişdirilməsini həyata keçirən Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliklərinə, Rusiya və Ukraynanın Azərbaycandakı səfirliklərinə, Rusiya və Ukrayna Qırmızı Xaç cəmiyyətlərinə, hər iki dövlətin insan hüquqları üzrə müvəkkillərinə dəfələrlə rəsmi qaydada müraciətlər etmişik, qəbullarda olmuşuq, heç bir nəticə olmayıb.
Qırmızı Xaç Komitəsində Elnur adlı şəxsin qəbulunda olduq. O bizi əmin etdi ki, oğlum tapılacaq, bizə məlumat verəcəklər. İsrarlı zənglərimizə baxmayaraq, bizə heç bir məlumat vermirlər. Elnur adlı şəxs bizə bildirmişdi ki, bizimlə daimi əlaqədə olacaq, xəbərdar edəcək bizi. Biz 8 aydır bu adamla danışa bilmirik. Ombudsmana da yazmışıq, dəfələrlə qəbula yazılmışıq. Ancaq heç bir nəticə yoxdur”.

S.Hüseynova bildirib ki, onlar bu məsələnin ictimailəşdirilməsini dəfələrlə istəsələr də, dövlət qurumları buna qarşı çıxıb:

“Xarici İşlər Nazirliyində, səfirlikdə, Qırmızı Xaç Komitəsində, digər müraciət etdiyimiz dövlət qurumlarında bizə bildirirdilər ki, məsələni ictimailəşdirməyin, oğlunuzu tezliklə tapacağıq. Biz ona görə gözləyirdik. Ancaq indi əlimiz hər yerdən üzülüb. Oğlumun tapılması üçün artıq hara, kimə müraciət edim, bilmirəm”.

Nigar